“Mikayıl Cabbarov müdafiədə yaxşı oynayırdı” – Açıqlama

“Mikayıl Cabbarov müdafiədə yaxşı oynayırdı” – Açıqlama
  06 İyul 2015    Oxunub:4947
“Rusiya rəsmiləri ilə keçirilən oyunun nəticələrindən razı deyiləm. Rusiya komandası həftədə bir neçə dəfə bir yerə toplaşıb məşq edir, futbol oynayırlar. Yəni onlar hazırlıqlı futbolçulardır. Bizim komandamız isə iki günün içində formalaşıb. Ona görə də nəticə gözlənilən idi”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Rusiya rəsmiləri ilə keçirilən futbol oyununda Azərbaycan komandasında çıxış edən Milli Məclisin deputatı Adil Əliyev deyib.

Deputatın sözlərinə görə, komandada ən yaxşı oyunu təhsil naziri Mikayıl Cabbarov nümayiş etdirib: “Komandamızda sabit oyun nümayiş etdirən biri var idisə o, da Mikayıl Cabbarov idi. O, müdafiədə çox stabil oyun göstərirdi. Əsas problemimiz hücumda idi. İkinci hissədə müdafiəmizdə zəiflədi. Amma Mikayıl Cabbarov yenə yaxşı oynadı. Onun oyununu çox bəyəndim. Mən özüm də futbolçu deyiləm, oyunda gücüm çatanı elədim. Məşqçi olsaydım komandanı başqa formada qurardım. Heyəti də dəyişdirərdim”.

Qeyd edək ki, iyulun 4-də azərbaycanlı nazir, deputat və rəsmi şəxslərdən ibarət komanda rusiyalı həmkarları ilə futbol matçı keçirib. “Dalğa Arena”da baş tutan görüşdə siyasilərimizdən ibarət komanda rəqiblərinə 6:2 hesabla məğlub olub.

Azərbaycan komandasının heyətində millət vəkilləri Fazil Mustafa, Adil Əliyev, Təhsil naziri Mikayıl Cabbarov, İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, baş nazirin müavini Yaqub Eyyubov, Prezident Administrasiyasının şöbə müdüri Azər Əmiraslanov, AFFA-nın baş katibi Elxan Məmmədov, “Kəpəz” Futbol Klubunun baş məşqçisi Şahin Diniyev, futbol üzrə milli komandamızın baş məşqçisinin köməkçiləri Mahmud Qurbanov, Faiq Əzizov və digər bir sıra tanınmış siyasət və futbol adamları çıxış ediblər.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti