`Chatam House`un addımının arxasında nələr gizlənib?

`Chatam House`un addımının arxasında nələr gizlənib?
  09 İyul 2015    Oxunub:4276
Deputat nazir övladlarını Tale Heydərov kimi aktiv olmağa səsləyir

“Chatham House” kimi beynəlxalq münasibətlər sistemində kifayət qədər tanınan və Böyük Britaniyanın idarəçilik həyatına yaxın olan bir qurumun Bako Saakyana dəvət göndərməsi təsadüfi hadisə deyil. Bu şübhəsiz ki, Britaniyada müəyyən dairələrin Azərbaycanla münasibətlərdə nələrdənsə narazı qalmalarının əlamətidir”

Bu sözləri AzVision.az
-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc Qarabağdakı qondarma rejim rəhbəri Bako Saakyanın “Chatham House” İnstitutu tərəfindən rəsmi olaraq Böyük Britaniyaya görüşə dəvət olunmasına münasibət bildirərkən deyib.

Deputat bildirib ki onda olan məlumata görə, Britaniyanın yüksəkçinli nümayəndələrinin bəzilərinin Azərbaycana səfərləri təxirə salınıb. Çünki oradan verilmiş yalnış bəyanatlara Azərbaycan iqtidarının reaksiyaları fonunda əvvəlki kimi inkişaf edən və yüksək xətlə irəliləyən münasibətlərdə müəyyən anlaşımazlıqlar meydana çıxır. Buna baxmayaraq, Azərbaycan heç bir halda Böyük Britaniyanın dünyada yerini təftiş etmək niyyətində deyil. Əksinə, Britaniya kompaniyaları bu gün ölkəmizlə yaxından əməkdaşlıq edirlər”.

Z.Oruc hesab edir ki, Böyük Britaniya Qarabağ məsələsinin həll olunması üçün Ermənistana sərt sanksiyalar tətbiq etməlidir: “Britaniya şirkətləri ilə yeni müqavilələr imzalamaq hakimiyyətin prioritetləri sırasındadır. Biz parlamentin son sessiyasında Abşeron yarımadasının min kvadrat kilometr ərazisində BP ilə yeni kəşfiyyat, işləmə və s. kimi imkanları tanıyan mühüm müqaviləni ratifikasiya etdik. Sonda da ölkə rəhbəri tərəfindən həmin sənəd imzalandı. Bu o deməkdir ki, Azərbaycan yenə də Qərb kompaniyaları ilə, xüsusi ilə də Britaniya şirkətləri ilə əməkdaşlığa önəm verir. Nəzərə almalıyıq ki, BP təkcə Britaniya büdcəsinə 10 milyardlarla dollar vergi ödəyir. Bunlar iri korporasiyalar olmaq etibari ilə həqiqətən də dünyanın əsas iqtisadi qərarlarını diqtə edən mərkəzlər rolunda çıxış edirlər. Əminəm ki, Britiyaniya ilə son aylar ərzində müxtəlif siyasi baxışlarda yaranmış problemlər tam ortadan qalxacaq”.

Deputat əlavə edib ki, Dağlıq Qarabağın saxta rəhbərliyinin Britaniyanın beyin mərkəzlərinə, siyasi insititutlarına dəvət alması bizi haqlı olaraq narahat edib: “Bir tərəfdən Rusiya ilə məlum sanksiyaların dilində danışmaq, Krımda hazırki vəziyyəti tanımamaq, onların keçirdikləri referendumu qeyri-legitim adlandırmaq, Rusiya ilə birləşmək qərarını hüquqdan kənar saymaq fonunda Azərbaycan ərazisinə və onun bütövlüyünə fərqli standartlar tətbiq etmək Britaniyanın özünün mənafelərinə o qədər də uyğun olmazdı.

Tarixdən yaxşı nəticələr çıxarmayanda, həmin hadisələr bir daha təkrarlanır. Düz yüz il əvvəl Britaniyanın həmin şirkətləri yenə də regiona gəlmişdilər. Onlar yalnız neft maraqlarını öndə tutdular. Azərbaycanın kövrək müstəqilliyinə, cümhuriyyətə normal dəstək vermədilər. SSRİ adlı bir imperiya yarandı və regiondakı bütün Qərb kompaniyalarının hamsını qovub çıxardı. Biz heç vaxt tarixin o cür təkrarlanmasını istəmirik. Azərbaycan öz mövqelərində haqlıdır. Bu mövqelər beynəlxalq hüququn prinsiplərinə cavab verir. Britaniyanın Qarabağ məsələsinin həll olunması üçün sərt sanksiyalara əl atması münaqişənin hazırki durumunu köklü şəkildə dəyişərdi. Ona görə də Qarabağın saxta “parlamenti” və onun “dövlət rəhbəri” heç bir halda qanuni status daşıya bilməz. Bu gün Ermənistanın özünün daxilində böhranlı vəziyyət hökm sürür. Onun saxta törəmə hərbi xuntası olan və bir əyalət səviyyəsindəki Qarabağın dövlətçilik subyekti kimi qəbul edilməsi çox yalnışdır”.

Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycan həqiqətlərinin Böyük Britaniyada tanıdılması, ölkəmizin maraqlarının müdafiə edilməsində Avropa Azərbaycan Cəmiyyətinin (AAC) əhəmiyyətli rolu var. “Azərbaycanın rəsmi dairələri ilə yanaşı, Britaniya ilə ölkəmiz arasında xeyli müddətdir ki, çox güclü əlaqələrə, yaxın əməkdaşlığa dair böyük təcrübə qazanmış Avropa Azərbaycan Cəmiyyətinin (AAC) etirazları əsaslıdır, bizim maraqlarımızın qorunmasında mühüm rol oynayır. Həmin cəmiyyət indiyə qədər Britaniya parlamentinin çox saylı nümayəndələrinin dəfələrlə ölkəmizə səfərlərini təşkil edib. Bu yaxın tanışlıqlar nəticəsində, həmin şəxslərin timsalında Azərbaycanın lehinə Böyük Britaniya mediasına, siyasi dairələrinə maraqlı fikirlər çıxıb, normal izahlar və dəyərli araşdırmalar təqdim olunub. İndiyə qədər həm də onların sayəsində həmin ölkə ilə münasibətlərimiz toqquşma və qarşıdurmalardan kənarda olub”.

Z.Oruc həmçinin Azərbaycan-Böyük Britaniya əlaqələrinin normal müstəvidə inkişaf etməsində Avropa Azərbaycan Cəmiyyətinin (AAC) rəhbəri Tale Heydərovun xüsusi rolunun olduğunu da vurğulayıb: “Cəmiyyətin sədri Tale Heydərovun özünün Britaniyada təhsil alması, sonradan oradakı gənclərimizi öz ətrafına yığması və bu istiqamətdə mədəni əlaqələr, iqtisadi münasibətlər, xüsusi ilə də gənclərimizin orada təhsilinə yaxından yardım göstərməklə və Azərbaycan adı ilə bağlı məsələlərdə onların bir komanda halında, vahid bir qüvvə kimi iştirakını təmin etməklə əsil fədakarlıq göstərirlər və bunlar çox təqdirəlayiq işlərdir.

Mən Tale Heydərovu şəxsən tanıyıram və onların bir neçə tədbirlərində iştirak etmişəm. Hesab edirəm ki, təşkilat mədəni əlaqələr çərçivəsində Britaniyanın qabaqcıl nümayəndələrini ölkəmizə cəlb edərək onların Azərbaycan lobbiçiləri kimi hərəkət etməsində xüsusi fəallıq göstərirlər və dövlətimizin mənafeyi üçün bu çalışmaları yüksək qiymətləndirmək lazımdır”. Millət vəkilinin fikirincə, Tale Heydərovun fəaliyyəti bəzi “məmur övladları” üçün örnək olmalıdır: “Sözün həqiqi mənasında bəzən “məmur övladları” sözü bir epitet kimi işlənir. Nümunə olaraq söyləyə bilərəm ki, ölkə rəhbərinin övladlarından sonra Azərbaycan maraqlarına fədakarlıq və sədaqətlə, dönmədən, xüsusi prinsiplərlə, istedadla işləyən insanlarımızın sırasında mən Tale Heydərovun adını qeyd edərdim.

Düşünürəm ki, bu etirazlar öz nəticəsini verəcək. Hər halda ermənilər özlərinin saxta hakimiyyətlərini belə səfərlərlə dünyaya qəbul etdirə bilməz. Dünyanın əsas beyin mərkəzləri son on ildə cənab prezidentimizi öz tədbirlərinə dəvət edirlər. Həmin tədbirlərdə onun Qafqaza, regiondakı siyasətə dair fikirlərini öyrəniblər. Bunlar çox önəmlidir. Çünki idealar dünyanın xəritəsini təyin edir, əsas qərarlara bilavəsitə təsir edir. Amma indiyə qədər Sarkisiyanın bu cür mühüm beyin mərkəzlərinə dəvət edilməsinin şahidi olmamışıq. Ona görə yox ki, həmin dövlətlər təkcə Azərbaycanın maraqlarını düşünürlər. Çünki Sarkisyan dünyanı dərk etmə ağlına görə məsxərə hədəfinə çevrilib. Yəni,açıq desək,erməni xalqının potensialı Sarkisyandan qat-qat yuxarıdadır. Onlarla müharibə şaratində olsaq da qarşı tərəfin imkanlarını düzgün dəyərləndirmək lazımdır. Amma Avropa Azərbaycan Cəmiyyətinin Britaniyada qazandığı tərəfdarlar ordusu və parlamentarilərin etiraz səslərini biz görməkdəyik. Onlar Britaniyanın rəsmi-siyasi dairələrinə qarşı öz kəskin mövqelərini ortaya qoyurlar. Bütün bunlar nəticə verəcək. Əminəm ki, ermənilər güclü bir xəyal-qırıqlığına düçar olacaqlar”.

Millət vəkili həmçinin vurğulayıb ki, başqa ölkələrdə fəaliyyət göstərən gənclərimiz də Azərbaycanın maraqlarına xidmət etməlidirlər: “Azərbaycan ayrı-ayrı ölkələrdə, beynəlxalq qurumlarda müəyyən işlər aparmağa çalışır. Britaniyanın siyasi çevrələrində isə bu işlər daha perspektivlidir. Çünki orada dəqiq hədəflər var. Konket təşkilat mövcuddur və onların vəzifə bölgüsü var. Onlar da bu işləri ürəkdən həyata keçirmək uğrunda çalışırlar. Burada şəxsi parametrlər də çox böyük rol oynayır.

Tale Heydərov çox mərd bir insandır. Gənc olmasına baxmayaraq, kifayət qədər yüksək dünya görüşünə malikdir. Eyni zamanda o, Qərb iş sistemini, onların önəm verdikləri dəyərləri, ictimai həssaslığı düzgün nəzərə almaq imkanlarına malikdir. Bu çox vacib rol oynayır. Biz yüz minlərlə insanımızın yaşadığı məkanlarda da eyni aktivliyi gözləyirik. Hərdən də təəssüflənirik ki, nə üçün onlar siyasi həyata təsirlərini bu qədər aşağı səviyyədə saxlayırlar.

Nə üçün milyonlarla Azərbaycanılının yaşadığı Rusiyada parlament üzvləri sırasında bizim nümayəndlərimiz də olmasın? Nə üçün azərbaycanlılarla dostluq qrupları məlum formatda deyil?

Həm də orada yaşayan azərbaycanlılarla iş birlikləri reallaşmır. Rusiya, Fransa, Almaniya və Amerikada belə tərəfdar qruplarımız mövcud olsaydı, Azərbaycanın mövqelərini xeyli irəliyə aparmaq mümkün olardı.

Dəfələrlə şahid olmuşuq ki, məhz Tale Heydərovun fəaliyyəti sayəsində Britaniya parlamentariləri Azərbaycan adı ilə bağlı qərara gəliblər, müxtəlif müzakirələr aparıblar, lehimizə fikirlərini səsləndiriblər. Bunun nə qədər çətin olduğunu biz bilməliyik. Mənim kiminsə şəxsi keyfiyyətləri barəsində uzun-uzadı danışmağa ehtiyacım yoxdur. Onların da heç buna ehtiyacı yoxdur. Azərbaycanımızın uğrunda gördüyümüz işlərə görə bir-birimizin fəaliyyətini qiymətləndirməyi bacarmalıyıq.

Avropa Azərbaycan Cəmiyyəti indiyə qədər ki, fəaliyyəti ilə Azərbaycanın maraqlarını uğurla, ləyaqətlə xidmət edib. İstənilən xarici ölkədə yaşayan və orada fəaliyyət göstərən insanlarımız böyük diaspora mərkəzlərində birləşə bilmirlərsə, sadəcə olaraq düşünməlidirlər ki, Azərbaycan qarşısında müəyyən öhdəlikləri var, bu soyun nümayəndəsidirlər”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti