Politoloq: “Ermənistanda hakimiyyət devrilə bilər”

Politoloq: “Ermənistanda hakimiyyət devrilə bilər”
  09 İyul 2015    Oxunub:2387
“Ermənistanda gedən mitinqlərin siyasi müstəviyə keçəcəyi gözlənilən idi. Çünki, enerji tariflərinin artımı mitinqlərin başlaması üçün sadəcə bir bəhanə idi”.
Bu fikirləri AzVision.az-a Ermənistandakı son durumu şərh edən politoloq Arzu Nağıyev bildirib.

Politoloq bildirib ki, mitinqlərdə səsləndirilən siyasi tələblər sonda Serj Sarkisyan hakimiyyətinin devrilməsinə gətirib çıxara bilər: “Buna görə də Dağlıq Qarabağ ərazisində Serj Sarkisyanın komandasına sadiq qoşunların bir hissəsi hər hansı bir təxribat olarsa, istifadə edilməsi üçün İrəvana gətirilə bilər.
Hesab edirəm ki, Daxili Qoşunlar adı ilə İrəvana daxil olan silahlı birləşmələr Dağlıq Qarabağdan gətirilib. Düşünürəm ki, Qərb öz maliyyə yardımları ilə mitinqçilərə dəstək verəcək, müvafiq lider seçiləcək və siyasi müstəvidə mitinqlər davam edəcək”.

A. Nağıyev hesab edir ki, Ermənistan iqtidarı əhalinin diqqətini mitinqlərdən yayındırmaq üçün Dağlıq Qarabağda təxribatlar yarada bilər: “Son zamanlar pilotsuz uçan aparatların Azərbaycan tərəfə göndərilməsi belə manevrlərdəndir. Bu isə mitinqlərdən əhalinin diqqətini yayındırmağa hesablanıb.

Ancaq, Ermənistan Azərbaycana qarşı təxribatlar edə bilərlər. Amma geniş miqyaslı müharibə aparmaq iqtidarında deyillər. Bu səpkidə informasiyalar şaiyədən o tərəfə keçməyəcək”.

Qeyd edək ki, İrəvanda elektrik enerjisinin bahalaşmasına qarşı çıxış edən nümayişçilər tələblərini siyasi müstəviyə keçirmək niyyətindədir. Fəallardan biri Qaqik Yeqiazaryan Azadlıq meydanında keçirilən aksiyada gəncləri siyasi şüarlar altında birləşməyə çağırıb.

“Mübarizəmiz yeni mərhələyə qədəm qoyub. Biz bu mərhələnin vəzifələrini müəyyənləşdirməliyik. Yaranan vəziyyəti iqtisadi müstəvidə nizamlamaq artıq mümkün deyil, hərəkat siyasi müstəviyə keçməlidir”, deyə Q. Yeqiazaryan bildirib.

Digər fəal Narek Ayvazyan isə yeni qruplar yaratmaqla gələcək hərəkətlər və strategiya barədə müzakirələr aparmağı təklif edib.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti