`Özləri demokratik dəyərlərə tüpürdülər` - Səməd Seyidov

`Özləri demokratik dəyərlərə tüpürdülər` - Səməd Seyidov
  10 İyul 2015    Oxunub:2475
“Qarabağ separatçılarının lideri olan cani Bako Saakyanın Böyük Britaniya parlamentində çıxış etməsi Avropa sisteminin çürüdüyünü göstərir”.
AzVision.az xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov tanınmamış “DQR”-in “prezidenti”, hərbi cani Bako Saakyanın Britaniya parlamentinə dəvət olunmasını və orada çıxış etməsini şərh edərkən deyib.

S.Seyidov bildirib ki, AŞ PA-nın vitse-prezidenti Jan Rokenin “Fransa-Qarabağ Parlamentlərarası Komissiyası”nın sədri olması faktını da nəzərə alanda erməni hərbi caniyə Britaniya parlamentində tribuna verilməsi avropalı siyasətçilərin elə özlərinin elan etdikləri demokratik dəyərlərə tüpürdüyünü göstərir.

“Hazırda separatçıların da oyuna qoşulması ilə çox təhlükəli oyun gedir. Bu isə Avropanın özü üçün də çox riskli oyundur. Əgər avropalı siyasətçilər öz qitələrini addım-addım böyük müharibəyə doğru aparırlarsa, daha nədən danışmaq olar?! Yunanıstan hadisələri, multikulturalizmin aşınıb getməsi - bütün bunlar Avropanı tezliklə bürüyəcək xaosun bazası rolunu oynayır. Avropanın bütün tarixinə nəzər salın. Onda görəcəksiniz ki, bu qitə müharibə olmadan 20 ildən artıq yaşamayıb. Avropanın son 60-70 ildə qazandığı nə varsa bu gün bizim gözlərimiz önündə dağıdılıb məhv edilir. Əgər bir müddət sonra Avropa ölkələrinin parlamentlərində Breyvik kimi marginalların da müdafiəsinə çıxışlar olsa, buna təəccüblənmərəm. Əgər avropalılar Saakyan kimi caniləri öz parlamentlərinə dəvət edirlərsə, tezliklə bu səviyyəyə də enəcəklər. Bütün bunlar onu göstərir ki, Avropada dinc və firavan həyat mərhələsi sona çatır” - deyə S.Seyidov bildirib.

Bununla belə AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri avropalıların bu hərəkətlərinin sonda “DQR”-in tanınmasına gətirib çıxara biləcəyi barədəki ehtimal və gümanlarla razı deyil: “Əgər Ermənistanın özünün buna cürəti çatmırsa, düşünmürəm ki, hansısa ölkə bu addımı atar”.

ABŞ senatorlarının Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlamasına toxunan S.Seyidov qeyd etdi ki, o, bu məktubla tanışdır: “Bu məktub onu imzalayan amerikalı senatorlara başucalığı gətirmir. Göründüyü kimi, Azərbaycana qarşı yalan-böhtan kampaniyası səngimir. Lakin bizə nə qədər çox təzyiq göstərsələr, biz də o qədər sıx birləşəcək və mövqeyimizi gücləndirəcəyik. Hesab edirəm ki, amerikalı senatorlar bu məktubla Azərbaycanın yox, əslində ABŞ-ın maraqlarına zərbə vurdular. Axı diqqətlə baxsaq, ABŞ-ın postsovet məkanındakı mövqeləri güclənmir, əksinə, zəifləyir. Özü də daha çox belə amerikalı siyasətçiləri yürütdüyü siyasət ucbatından...”


Teqlər:





Xəbər lenti