Azərbaycan ŞƏT-ə qoşula bilərmi? - ŞƏRH

Azərbaycan ŞƏT-ə qoşula bilərmi? - ŞƏRH
  13 İyul 2015    Oxunub:4223
“Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulacağı ilə bağlı bəyanatında Ermənistanın da bu təşkilatla əlaqələrinin əsasının qoyulmasından söhbət gedir. Əgər Azərbaycanın ŞƏT-lə əməkdaşlığı Ermənistanla münasibətlərə gətirib çıxarırsa, ölkəmiz bu təşkilata üzv olmağın əleyhinə olacaq”.

Bu fikirləri politoloq Elman Nəsirov AzVision.az-a Azərbaycanın ŞƏT-ə qoşulmasını şərh edərkən deyib.

Politoloq vurğulayıb ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunmayana qədər hər hansı bir təşkilat daxilində olsa belə Ermənistanla heç bir münasibətdən söhbət gedə bilməz:

“Hesab edirəm ki, hətta Azərbaycanın bu təşkilatla əlaqələrində müəyyən proseslər gedərsə belə mütləq Ermənistan faktoru diqqətdə saxlanılacaq və ondan irəli gələn addımlar atılacaq.
Hələlik Azərbaycan rəsmiləri bu məsələ ilə bağlı mövqe açıqlamayıb. Amma hər halda bir məsələ aydındır ki, ölkə başçısı İlham Əliyev hər hansı bir addım atan zaman bilavasitə ölkənin milli maraqları konteksində atır. Ona görə də Putinin bu fikri bizim üçün yeni olsa da dəyişməz həqiqət odur ki, Azərbaycanın bütün addımları ölçülüb-biçilmiş addımlardır, milli maraqlara söykənir. Ondan asılı olaraq Azərbaycan Rusiya prezidentinin səsləndirdiyi məsələlərə öz mövqeyini bildirə bilər”.

E. Nəsirov qeyd edib ki, Azərbaycan dövlətinin balanslı, çox sektorlu siyasət yeritdiyi Rusiyaya da bəllidir: “Azərbaycanın bir dövlətlə əməkdaşlığı heç vaxt digərinə qarşı yönəlməyib. Azərbaycan ABŞ və Rusiya ilə sıx münasibətlərin inkişafında maraqlıdır. Bu dövlətlərlə münasibətlərin heç biri digərinin əleyhinə deyil. Azərbaycan bu və ya digər quruma daxil olarkən ilk növbədə ölkəmizin milli maraqları, eyni zamanda xüsusi olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində bu əlaqənin hansı rolu olması məsələsini önə çəkir. Bu nöqteyi-nəzərdən Şanxay Əməkdaşlıq Təşkilatına Rusiya və Çin ilə yanaşı digər Mərkəzi Asiya ölkələri daxildir. Bu toplantıda Hindistan və Pakistanın da üzvlüyü məsələsi öz həllini tapdı. Yəni, təşkilata daha iki nüvə dövləti qəbul olundu. Bu nəticə etibarı ilə yeni güc mərkəzinin formalaşmasını təsdiq edir. Belə olan təqdirdə Azərbaycan bu geopolitik prosesləri diqqətlə izləyir. Azərbaycana əməkdaşlıqla bağlı təklif irəli sürülərkən ilk növbədə milli maraqlar məsələsi ön plana çıxır. Belə olan vəziyyətdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığının əsası qoyulursa, bu əlaqələrin Azərbaycana nə verəcəyi sualı daha çox maraq doğurur. Eyni zamanda Azərbaycanın öz çevik siyasətindən çıxış edərək addımlarını müəyyən edir. Həmçinin əməkdaşlığın çərçivələrini də müəyyən edir”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycan, Ermənistan, Kamboca və Nepal dialoq üzrə tərəfdaşlar kimi Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaqlarını bəyan edib.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti