`EvroBank` niyə bağlandı? - Səbəb

`EvroBank` niyə bağlandı? - Səbəb
  13 İyul 2015    Oxunub:3330
"EvroBank" fəaliyyətsiz bank idi və onun lisenziyasının geri alınması ilə bağlı qərar sadəcə formal xarakter daşıyırdı.
AzVision.az xəbər verir ki, bu bardə iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, adıçəkilən bank artıq xeyli müddətdir ki, ən adi bank funksiyalarını belə yerinə yetirmirdi: “O baxımdan, bu bank həmçinin simvolik olaraq “müştərisiz bank” kimi tanınırdı. Razılaşaq ki, ölkədə olduqca az insan bu ad ilə bankın olmasından xəbərdar idi. Ona görə də, burada sadəcə xeyli müddət öncə müflis olmuş bankın rəsmi olaraq bağlanmasından söhbət gedir”.

İqtisadçı bildirib ki, Azərbaycan Kredit Bankının isə minimum məcmu kapital ilə bağlı öhədliklərin yerinə yetirilməsində çətinlikləri var idi. O, qeyd edib ki, sözügedən bank minimum məcmu kapitalını ötən ilki 5.8 milyon manatdan bu ilin aprelinə, sonuncu rəsmi hesabatı yaydığı vaxtadək, 49 milyon manata çatdıra bilməsinə baxmayaraq hələ də Mərkəzi Bank məlum tavanına əməl edə bilmirdi: “Eyni zamanda bankın idarəedilməsində, xüsusən də risk menecmentində problemlərin olması da istisna edilmir. Buna görə də, Mərkəzi Bank bu bankın fəaliyyətinin məhdudlaşdırılmasl barədə qərar qəbul edib. Bütövlükdə sözügedən qərar bank sektoruna ciddi təsir göstərməyəcək. Söhbəti marjinal təsirləri olan banklar ilə bağlı qəbul edilən qərardan gedir. Bununla yanaşı, ötən ilin payızında proqnozlaşdırıldığı bütövlükdə 5 bank ilə bağlı oxşar qərarların qəbulu gözlənilir. Deməli, bu ilin 2-ci yarısı və gələn ilin əvvəllərində daha 3 bankın fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul ediləcəyi istisna deyil. Bank sektorundakı mövcud vəziyyəti nəzərə alaraq Mərkəzi Bankın bankların konseldasiyasına çalışması və zəif bankların birləşdirilməsi prosesini stimullaşdırması daha məqsədəuyğun olardı”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti