Nazirlikdə İctimai Şuranın yeni tərkibi formalaşdırılır

Nazirlikdə İctimai Şuranın yeni tərkibi formalaşdırılır
  13 İyul 2015    Oxunub:2149
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, Nazirliyin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə Nazirlikdə yeni tərkibdə İctimai Şura formalaşdırılacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, şuranın təşkili məsələləri ilə bağlı ƏƏSMN-də 9 nəfərdən ibarət Komissiya yaradılıb. Müvafiq sahədə fəaliyyət göstərən və İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyən qeyri-hökumət təşkilatları iyulun 15-dən etibarən 30 iş günü müddətində öz proqram və təklifləri ilə həmin Komissiyaya müraciət edə bilərlər. Müraciətə namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.

Bununla əlaqədar ətraflı məlumat nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsindəki “İctimai Şura” bölməsində yerləşdirilib.

Xatırladaq ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanunu dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, habelə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını nəzərdə tutur.

AzVision.az


Teqlər:





Xəbər lenti