Prezidentin çıxışına şərh: `Qərb bizi meydanda tək qoydu`

Prezidentin çıxışına şərh: `Qərb bizi meydanda tək qoydu`
  14 İyul 2015    Oxunub:4610
“Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin iclasında dünya siyasi elitasının əksər nümayəndələri ilə bağlı qapılar arxasında görüşlər keçirdiyindən, bu cür kəskin, hiddətli və son dərəcə əsaslı, gələcək xarici siyasətimizin konturlarına təsir edəcək açıqlamalar verdi”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.

Ölkə başçısının Avropa Oyunları ərəfəsində ölkəmizə təzyiqlərlə bağlı çıxışına münasibət bildirən deputat qeyd edib ki, prezidentin çıxışından da göründüyü kimi Qərb öz siyasi maraqlarını həyata keçirmək üçün ən qanlı prosesləri aparmağa qadirdir.



“Bu çox önəmli bir məsələdir. Çünki istənilən xarici siyasətin hədəfi bu ölkələrlə qeyd etdiyimiz parametrlər üzərində qurulur. Cənab prezidentin “müsəlman ölkəsi bu cür iddia, potensial ilə sevilmir” sözü uzun illər ərzində sivilizasiyalar və yaxud da dinlərarası toqquşmanın mahiyyətini göstərmiş oldu. Həqiqətən də Avropa məkanında bu həzm oluna bilmir ki, ərəb dünyasında böyük qanlı savaşlar yaşanarkən, “Quran” kitabı terrorçuların ideologiyasına, mənəvi əsasına çevrilərkən, başqa bir məkanda “Quran” üzərindən cəmiyyətdəki münasibətləri qurmağa çalışılır, dünyəvi dəyərlərə yer verilir, müxtəlif dinlərin burada bir məkanda yaşaması haqları tanınır və s. Beləliklə də ölkə rəhbərinin ötən gün beynəlxalq qurumlarla, xüsusilə də ayrı-ayrı ölkələrin siyasi dairələri ilə bağlı söylədiyi mesajlar əminəm ki, bizim siyasətdə müəyyən dəyişikliklərə səbəb olacaq”.

Millət vəkilinin fikrincə, biz açıq deməliyik ki, Merkel dönəmində sanki Azərbaycanı Almaniyaya tapşırmaq mövqeyi kimi soyuq müharibə dövründə mövcud olan nüfuz yarışları və təsir zonası bölgü siyasəti reallaşdı. Sanki Qərb dövlətləri yığılıb Cənubi Qafqazdan bir neçə ölkəni Almaniyaya veriblər: “Cənab prezidentin də o məlum ritorikası onu xarakterizə edirdi ki, bir ölkənin parlamenti başqası üzərində faşizm dövrünün ədası ilə hərəkət edə bilməz. Bizim də ölkənin parlamentində müxtəlif siyasi baxışlara təsir edən insanlar var. Biz indi sabahları ABŞ-da müxtəlif irqin daşıyıcılarının hüquqları üzərində komitə yaradaq, sonra oradakı insan haqları ilə bağlı indekslər çıxaraq, sonra Almaniyadan müxtəlif aksiyaları burada müdafiə edən tədbirlər keçirək və bəyanatlar verək. Bu o deməkdir ki, biz Almaniyanı idarə edirik? Ancaq Qərb dairələrində belə bir məfkurə, təfəkkür var.

Onlar hesab edirlər ki, Azərbaycan beynəlxalq dairələrin bilavasitə qərarları ilə hərəkət etməlidir. 1990-cı illərin ortalarında Azərbaycanda Dağlıq Qarabağ danışıqlarında ABŞ-ın məşhur bir təmsilçisi var idi. O, hər zaman deyirdi ki, biz güclü dövlətik və buradakı münaqişə tərəfləri bizə yol göstərə bilməz. Guya vasitəçilik missiyasında yer almaq avtomatik o anlama gəlir ki, sən istənilən məsələ ilə, lap elə Qarabağla bağlı hərb modellərini tərəflərə diktə edə bilərsən. Eləcə də ölkənin quruluşu, idarəetmə sistemi, dövlət-vətəndaş əlaqələri sanki kənardan bura ixrac olunmalıdır. Halbuki biz demokratiyanın ixracının nə qədər böyük fəsadlar törətdiyini görmüşük. Onların bu gün diktatura adlandırdığı ölkələrin hamısında terrorizm çiçəklənir. İndi İraq xalqından soruşsaq ki, diktator adlanan Səddam Hüseynin hakimiyyəti yaxşı idi, yoxsa indi sayını itirdikləri insan ölümləri ilə bərabər dəhşətdə və cəngəllik qanunlarında yaşamaqları?

Onlar avtomatik olaraq keçmiş dövrü seçərdilər. Bunu Liviya, Əfqanıstan və başqaları üçün də deyə bilərik. Tank, topların üzərində demokratiya aparmaq mümkün olmadı. Suriyada olan reallıqlar da bu gün ortadadır. Bu nümunələri ona görə sadaladım ki, uzun illər ərzində bizim hamımız qərbpərəst olmaq istəyərək, NATO-nun tərəfdaşı olmağı arzulayaraq, onların standartlarını bu bölgədə reallaşdırmağa çalışaraq xəyal qırıqlığına uğradıq”.

Z.Oruc həmçinin qeyd edib ki, Qərb Azərbaycanı müxtəlif layihələrində istifadə edərək, sonradan bir sıra hərbi, siyasi meydanda tək qoydu.

Onun sözlərinə görə, biz bunu dəfələrlə görmüşük. “Amma Ermənistana doğru daha güclü addım atmasına, Qarabağ məsələsində fərqli bir mövqe qoymasına, Avropa Şurasının Qarabağla bağlı qətnaməsinə cənab prezidentin dediyi ifadəni çıxarmaqla sanki Qarabağa yol tapıb saxta qurumu ələ almaqla Azərbaycanın xarici siyasətinə zərbə vurmağa çalışır, bu bizim açıq gözlə görünən hadisədir. Yeltsin dövründə Qarabağ məsələsini bizim qarşımızda necə qabardırlarsa, indi Qərb Yeltsin dövrünün siyasətini həyata keçirir”.

Deputat daha sonra vurğulayıb ki, biz bununla da xarici siyasətimizi bütövlükdə dəyişməsək də, lakin hesab edirəm ki, Azərbaycan bundan sonraki dövrdə Avrasiya məkanının tərəf müqabili olacaq: “Amma Azərbaycan insanları Avropaya getməkdə davam edəcəklər, o cümlədən Merkel və Barak Obama hökumət rəhbərliyindən gedəndən sonra Almaniya, ABŞ Azərbaycan münasibətləri də normallaşacaq. Ancaq bununla bərabər onu da vurğulayım ki, cənab prezidentin mesajlarında neft, qaz müqavilələrini dayandırmaq, onları təftiş etmək, yenidən parlamentə qaytarmaq, iqtisadi əlaqələri qırmaq kimi bir mövqe özünü göstərmədi. Bu o deməkdir ki, bizim problem ayrı-ayrı iqtidarlarladır. Avropa xalqı ilə Azərbaycan arasında əlahiddə, xüsusi bir problem yoxdur”.

Qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən gün keçirilən iclasında Qərb daiələrinin ölkəmizə qarşı təzyiqlərindən söz açaraq ciddi mesajlar verib: “Sual olunurr, Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır. Biz isə onlardan texnologiya alırıq. Onlardan almasaq, başqa yerdən alarıq. Onlardan heç bir asılılığımız yoxdur. Ona görə, Almaniya Bundestaqı kimdir ki, anti-Azərbaycan qətnamə qəbul etsin?! Getsin öz işi ilə məşğul olsun. Bəsdirin başqa ölkələrin daxili işlərinə müdaxilə etdiniz, biz buna imkan vermərik”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti