Azərbaycan Ebola üçün niyə pul ayırdı? – Müsahibə

Azərbaycan Ebola üçün niyə pul ayırdı? – Müsahibə
  14 İyul 2015    Oxunub:2275
Azərbaycan Eboladan əziyyət çəkən ölkələr üçün vəsait toplanması məsələlərinə dair BMT-nin iqamətgahında keçirilən Beynəlxalq konfransda həmin məqsədə bir milyon dollar vəsait ayrıldığını elan edib.
Forum çərçivəsində BMT-nin üzvü olan dövlətlər Qvineya, Liberiya və Syerra-Leonenin bərpa olunmasına təqribən 5 milyard dollar ayıracaqlarını vəd ediblər.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev konfransdan dərhal sonra BMT Radiosuna müsahibə verib.

AzVision.az Azərtac-a istinadən həmin müsahibəni təqdim edir.

-Nə üçün Azərbaycan infeksiyanın tüğyanından zərər çəkən ölkələrin bərpasında maraqlıdır?

-Ebola epidemiyası problemi təkcə bu təhlükəli və ölümcül xəstəliyə meylli ölkələr üçün deyil, həm də bütövlükdə beynəlxalq ictimaiyyət, ilk növbədə Birləşmiş Millətlər Təşkilatı üçün böyük problemdir.

Buna görə də mənim ölkəm bu prosesdə fəal iştirak edir. Biz də öz imkanımız daxilində sadə, lakin faydalı töhfə vermək istəyirik. Bu, birinci amildir.
İkinci amil bundan ibarətdir ki, Azərbaycanın müstəqilliyi bərpa olunduğu ilk illərdə biz böyük problemlərlə üzləşmişdik. Prinsipcə, həmin problemlər hələ də mövcuddur, lakin artıq yetərincə yüngülləşib: bunlar Ermənistan ilə münaqişə nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünlərdir.
Bax onda beynəlxalq birlik Azərbaycana kömək etdi. Biz bunu xatırlayırıq, unutmuruq. Vaxtilə resipiyent ölkə olan Azərbaycan hazırda aktiv donora çevrilir. Biz xeyirxahlığı unutmuruq və xeyirxahlığa xeyirxahlıqla cavab vermək istəyirik.
Azərbaycan hökumətinin qərarı ilə BMT-nin Ebola epidemiyası əleyhinə mübarizə sisteminə artıq bir milyon Amerika dolları ayrılıb.

-Artıq bu vəsaitin hansı məqsədlərə xərclənəcəyi məlumdurmu?

-Burada iki komponent var. Birincisi, ilk növbədə Qərbi Afrikada yenicə yaranan ocaqları söndürmək, ən başlıcası isə həmin ölkələrin bərpa yoluna mümkün qədər tez qayıtmasına kömək etmək, sonra isə sabit inkişafa dair məsələlərin həllinə davam etmək.

-Sizcə, məhz indiki məqamda belə yardım göstərilməsi nə dərəcədə əhəmiyyətlidir?

-Bilirsiniz ki, biz BMT-nin 70 illiyinə yaxınlaşırıq. Sentyabrda inkişaf problemləri üç gün ciddi müzakirə ediləcək.

Biz 15 il əvvəl - 2000-ci ildə Minilliyin İnkişaf Məqsədlərini qəbul etdik. 15 il keçdi və artıq sanballı nəticələr var, amma problemlər də var, yəni planlaşdırılan məqsədlərin heç də hamısına nail olunmayıb.
Təbii ki, indi alim və mütəxəssislər bəşəriyyəti irəliyə aparmaq üçün bütün ölkələrin bir-birinə kömək edə biləcəyi optimal səviyyəyə çıxmaq üzərində çalışırlar. Qarşımızda duran problemlər isə həm çəkisinə, həm də sayına görə ölçüyəgəlməzdir.

Buna görə də Afrika qitəsi məhz həmin ölkələrdir ki, bu gün onların beynəlxalq yardıma xüsusilə ehtiyacı var və bu yerdə bu konfransı çox vaxtında çağırdığına görə baş katibin, cənab Pan Gi Munun aparıcı rolu qeyd olunmalıdır. Siz görürsünüz ki, bu ölkələrin öz normal vəziyyətinə qayıtması üçün digər iştirakçılar necə böyük məbləğlər ayırmağa, bilavasitə yardım göstərməyə hazır olduqlarını bəyan edirlər.

-Sizcə, BMT-nin özü nə isə bir iş görməlidir? Məsələn, reaksiyalardan biri BMT daxilində Ebola əleyhinə mübarizəyə dair xüsusi bölmənin yaradılması olub. Axı, bu strukturun mövcud olmasına qədər Dünya Səhiyyə Təşkilatının müəyyən resursu olub. Siz müəyyən orqanların yaradılmasını əhəmiyyətli sayırsınız, yoxsa hər halda BMT daxilində bu cür epidemiyalara çevik reaksiya verməli olan hansısa xüsusi fövqəladə təşkilatlar mövcud olmalıdır?

-Həqiqətən aktual sualdır. Zənnimcə, bu məsələ hərtərəfli öyrənilir və mütləq həllini tapacaq. İndi hər hansı konkret məsləhət vermək çətindir. Amma aydın məsələdir ki, BMT strukturunda bu cür çağırışlara dərhal reaksiya verən bölmələr olmalıdır.
Əminəm ki, bu məsələ DST-də də nəzərdən keçirilir. Həmin məsələ ilə məşğul olmaq ilk növbədə elə bu təşkilatın işidir. Lakin başqa komponent də var. Bu da milli səviyyədir. Öz tibbi sektorunu, yəni səhiyyə sektorunu sözün həqiqi mənasında inkişaf etdirmək və möhkəmləndirmək üçün dövlətlərə ciddi yardım göstərilməlidir.

Əgər həmin müalicə və təcridetmə prosesini lazım gələndə qısa müddətdə yerlərdə işə salmaq mümkün deyilsə, onda ən yaxşı dərmanlar, ən yaxşı həkimlər və ən yaxşı tövsiyələr də kömək etməyəcək.

Bilirəm ki, bu proses üzərində ən parlaq zəkalar işləyirlər. Biz görürük ki, bu gün söhbət əsasən bərpa prosesindən gedir. Bu isə artıq yaxşı indikativ məqamdır.
Doğrudur, bu yaxınlarda Liberiyada yeni ocaqlar yaranıb. Amma Liberiya hökuməti və barəsində danışılan digər iki dövlət – Syerra-Leone və Qvineya bu problemlə milli səviyyədə ciddi məşğul olurlar.

Bilirəm ki, bütün səviyyələrdə iş gedir. Düşünürəm ki, böyük bir məsələnin həll olunduğunu, prosesin dayandırıldığını söyləyə biləcəyimiz gün uzaqda deyil. Lakin bu o demək deyil ki, məsələ qəti həll olunub. Təbii ki, bu məsələni kollektiv səylərlə həll etmək barədə düşünməliyik.

Bugünkü konfransın birinci dərəcəli vəzifəsi artıq BMT sistemində işlənib hazırlanmış və konkret olaraq BMT-nin İnkişaf Proqramının məşğul olduğu konsepsiyaya uyğun vəsait toplamaqdır. Bütün bunlar həmin ölkələrdə həyatın bərpa olunmasına hər cür yardım göstərəcək.


Teqlər:





Xəbər lenti