“Bu, prezidentin sonuncu xəbərdarlığıdır” - Açıqlama

“Bu, prezidentin sonuncu xəbərdarlığıdır” - Açıqlama
  14 İyul 2015    Oxunub:4639
“Ötən gün cənab prezident Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra ciddi mesajlar verdi. O mesajlardan biri də sahibkarlığın inkişafına mane olan məsələlərlə bağlı idi”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Deputatın sözlərinə görə, ölkə başçısı xüsusi yoxlamalar, müəyyən xərclər, ümumiyyətlə sahibkarlığın inkişafına mane törədən insanlar, nazirliklər, icra hakimiyyəti orqanlarına xəbərdarlıq etməklə önəmli addım atmış oldu.

“Bu çox ciddi məsələdir. Çünki Azərbaycanın inkişafını istəyən hər bir şəxs, dövlət məmuru ilk olaraq sahibkarların inkişafına kömək etməlidir. Bizdə bu problem hələ də qalmaqdadır. Çünki kənar müdaxilələr həddən artıq çoxdur. Kənar müdaxilələr nəticəsində sahibkarlar vaxtında vergilərini ödəyə bilmir. Müəyyən təzyiqlərə məruz qalırlar. Ona görə də cənab prezidentin bu mesajı həmin hökumət üzvləri tərəfindən, vəzifəli şəxslər tərəfindən düzgün qəbul olunacaq. Onlar öz işlərində müəyyən dönüş yaradacaq. Çünki sahibkarlığın inkişafı olmasa bazar iqtisadiyyatından, Azərbaycanın inkişafından o qədər də danışmaq düzgün deyil. Belə düşünürəm ki, bu, artıq axırıncı xəbərdarlıqdır”.

Qeyd edək ki, Ötən gün prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sahibkarlığın inkişafına mane olan məqamlardan danışıb.

“Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Ona görə, sahibkarlar sadə dillə desək dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa, heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm. Eyni zamanda, dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər.

Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq”. Prezident qeyd edib ki, ölkə sahibkarlıq hesabına inkişaf edəcək: “ Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın”

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti