Azərbaycanın otel problemi: qiymətlər niyə bahadır?

Azərbaycanın otel problemi: qiymətlər niyə bahadır?
  14 İyul 2015    Oxunub:12063
Ötən gün prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bir sıra məsələlərə toxundu. Ölkə başçısı otellərdə qiymətlərin baha olmasından narazılığını bildirərək qiymətlərin aşağı salınması üçün ciddi tapşırıqlar verdi.

"İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada var. İndi Bakıda otellər şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beşulduzlu olmayan otellərin qiyməti niyə bahadır?", - İlham Əliyev bildirib.

Onun sözlərinə görə, bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir.

"Yenə də deyirəm, burada bəlkə də buna çox sadə yanaşırlar ki, qiymətləri bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir. Bizdə beşulduzlu otellərin sayı kifayət qədər çoxdur. Mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, bu, prestijdir. Yəni, ölkədə gedən proseslərin təzahürüdür. Əgər dünyanın aparıcı beşulduzlu brendləri Bakıdadırsa, demək Bakı buna layiqdir və onlar layiqdirlər ki, Bakıda olsunlar", - dövlət başçısı əlavə edib.

Lakin, İlham Əliyevin bildirdiyinə görə, üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. Prezidentin sözlərinə görə, o qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər, budur reallıq: "Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin tikintisi. Mədəniyyət və Turizm Nazirliyi də tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunu eşitsinlər".



Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm biznesi" kafedrasının müdiri Bahadur Bilalov Azərbaycanda qiymətlərin həddindən artıq şişirdildiyini və bu şişitmədə vergi orqanlarının da əlinin olduğunu deyir.

Onun sözlərinə görə, ölkə prezidentinin çıxışından göründüyü kimi otellərdəki qiymətlərin yüksək olmasının səbəbləri haqqında dəqiq informasiyaya malikdir.

Ekspert deyir ki, zaman-zaman mütəxəssislər ölkəmizdəki otel qiymətlərinin bazar tərəfindən deyil, müxtəlif orqanların (vergi, hüquq mühafizə və s) təsiri nəticəsində formalaşdığını vurğulayırlar:

“Rəsmi məlumatlara görə, ölkəmizdəki mehmanxana və bu tipli gecələmə yerlərindəki çarpayıların sayı 35 mindən çoxdur. Bu çarpayıların illik tutumu 13 milyona yaxın rəqəm edir. Amma Statistika Komitəsinin illik məlumatına nəzər salsaq, bu gecələmələrin sayının 10 dəfədən də az olduğunu görə bilərik. Belə mənzərə yaranır ki, Azərbaycanda otel biznesi rentabelli deyil və bura investisiya qoyulmasına dəymir. Amma, praktikada bunun əksinin şahidi oluruq. Məlum olduğu kimi ölkə üzrə hər il 30-40 yeni otel istifadəyə verilir. Buradan belə nəticəyə gəlmək olur ki, otellər nəinki qiymətləri şişirtməklə məşğuldur, eyni zamanda gəlirləri kütləvi surətdə gizlədirlər. Bunu isə vergi orqanları ilə razılaşdırılmadan həyata keçirmək mümkün deyil. Prezident də bu informasiyaya əsaslanaraq vergi orqanlarına ciddi xəbərdarlıq etdi”.

Azərbaycanda iki-üç ulduzlu otəllərin qıtlığından danışan ekspert deyir ki, otel biznesi ilə məşğul olanlar daha yüksək ulduz almağa meyillidirlər. Çünki 5 ulduzlu otelin vergisi ilə 1-2 ulduzlu otelin ödədiyi vergi eynidir. Halbuki 1-3 ulduzlu otellərin ödədiyi vergi, 4-5 ulduzlu otelin ödədiyi vergidən az olmalıdır. Belə olarsa heç də hamı yüksək ulduz almağa iddialı olmaz: “Fikrimcə, beynəlxalq təcrübədən istifadə edərək otel biznesinə differensiyalaşdırılmış vergi tətbiq edilməlidir. Bu qayda lisenziya üçün rüsümlara da tətbiq edilməlidir. Başa düşmək çətindir ki, nəyə görə 5 ulduzlu otel və 1-2 ulduzlu otel lisensiya üçün eyni rüsumu ödəməlidir. Əgər xərclər eynidirsə, niyə ağaşı ulduza iddia etsinlər ki?”.

Azərbaycanın otel qiymətləri ilə qonşu ölkələrdəki vəziyyəti müqayisə edən B. Bilalovun dediyinə görə, Azərbaycanda otel qiymətləri Gürcüstanla müqayisədə 30-50 faiz bahadır. İranla müqayisədə isə bu rəqəm 100%-dən çoxdur.

Turizim mütəxəssisi deyir ki, qardaş Türkiyə ilə müqayisə etdikdə Azərbaycandakı otel qiymətləri 20-40% daha bahadır.



İqtisadi və Sosial İnnovasiyalar institutunun rəhbəri, millət vəkili Əli Məsimli isə otellərdə xidmətin aşağı, qiymətlərin isə bahalığından şikayət edir: “Azərbaycanın turizm üçün çox unikal imkanları var. Son illər bu imkanlardan istifadə istiqamətində xeli iş görülüb. Bununla belə hələ görüləsi işlər çoxdur. Turizm obyektlərinin xeyli hissəsində xidmətin keyfiyyəti aşağı, qiymətlər isə çox yüksəkdir. Son vaxtlar aviabiletlərin qiymətlərinin də artması Azərbaycana turist axınına mane olan amillərdən birinə çevrilib. Eyni zamanda Azərbaycabda əztəminatlı təbəqənin istriahət etməsi üçün şərait yaradılmalıdır. Bundan ötrü Prezidentin qaldırdığı məsələlərin həlli sürətləndirilməli, qiymətlər aşağı salınmalı, iki və üçulduzlu otellər tikilməlidir”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti