Deputatlar AZAL-ı “topa tutdular”

Deputatlar AZAL-ı “topa tutdular”
  15 İyul 2015    Oxunub:5382
İyulun 13-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı ölkəmizdə aviabiletlərin qiymətinin süni şəkildə artırılmasından söz açıb.

Ölkə başçısı iclas zamanı bildirib ki, aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır: “Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır?”

Prezident bildirib ki, AZAL dövlət tərəfindən böyük subsidiyalar alır: “Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”

Prezidentin qaldırdığı məsələyə Milli Məclisin bir neçə deputatı münasibət bildirib.




Millət vəkili Azər Badamov AzVision.az-a açıqlamasında bildirib ki, ölkəmizdə turizm sektorunun inkişaf etməsi üçün xaricdən gələn qonaqlara maksimum yaxşı şərait yaratmalıyıq. Bu baxımdan AZAL-ın təqdim etdiyi qiymətlər kifayət qədər yüksəkdir.

“Turistlərə münasib xidmətlər göstərməliyik. AZAL da bu xidmətlər çərçivəsindədir. AZAL-ın qiymətləri aşağı olsa, ölkəmizə gələn xarici vətəndaşların, turistlərin sayı çox olar. Həm də Azərbaycan vətəndaşları xaricə gedəndə AZAL-ın xidmətlərindən istifadə etməklə daha çox səfərlər edərlər. Amma bugünkü qiymətlər qonşu ölkələrlə müqayisədə çox bahadır. Baxmayaraq ki, AZAL üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.

Düşünürəm ki, bu, süni şişirdilmiş qiymətlərdir. Cənab prezident də öz çıxışında konkret tapşırıqlar verdi. Hesab edirəm ki, bu iradlar yaxın vaxtlarda öz nəticəsini verəcək”.



Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə, turizm sektorunun, iqtisadiyyatın bu sahəsinin inkişafına mane olan hər bir problem öz həllini tapmalıdır.

Deputat hesab edir ki, Azərbaycanın turizm sektorunun inkişafı üçün bir neçə istiqamətdə ciddi işlər aparılmalıdır.
“Düşünürəm ki, ölkə başçısının bu çıxışından sonra müvafiq qurumlar nəticə çıxaracaqlar. Bu sahənin inkişafı üçün lazım olan işləri görəcəklər. Buraya aviabiletlər, viza, otellərin qiyməti və s. daxildir. Həmçinin bu sahədə kadrları yetişdirmək lazımdır”.



Millət vəkili Musa Quliyev bildirib ki, Azərbaycanda turizm ölkəmizin iqtisadiyyatında xüsusi bir pay təşkil edirsə, bu baxımdan turizmin inkişafı üçün hər bir şərait yaradılmalıdır.

Onun sözlərinə görə, ölkəmizə gələn turistlər daha çox hava nəqliyyatından istifadə edirlər: “O zaman Azərbaycan tərəfi maraqlı olmalıdır ki, ölkəmizə gələn turistlərin sayı çox olsun. Yaxşı olardı ki, aviabiletlərin, otellərin və digər xidmətlərin qiyməti qonşu ölkələrlə müqayisədə aşağı olsun. Buna görə də cənab prezident bildirdi ki, aviabiletlərin və otellərin qiymətini aşağı salmaq lazımdır. AZAL-da təyyarələr yenidir, müasirdir, xidmətlər çox yüksək səviyyədədir, amma bu əsas vermir ki, biz qiymətləri lüzumsuz yerə qazanc məqsədilə qaldıraq və ölkə iqtisadiyyatının digər sahələrinə də inkişaf etməyə mane olaq. Bu mənada cənab prezident tamamilə doğru söylədi ki, təyyarələr Azərbaycan dövlətinin büdcəsindən alınır, yanacaq dövlət tərəfindən verilir, hava limanının düzəldilməsi, xidmət göstərilmə yerlərinin yenidən qurulmasının hamısı dövlət hesabına olduğuna görə, qiymətləri xeyli aşağı salmaq imkanları var və rəqabətdə də başqa dövlətlərə uduzmayaq”.

Milli Məclisin üzvü bildirib ki, Azərbaycan vətəndaşları əksər hallarda xarici ölkələrə birbaşa Bakıdan deyil, qonşu Gürcüstandan yollanırlar.

“Gürcüstanda hava yolları ximdəti bizdən xeyli ucuzdur. Türkiyədə də uçuşlar bizimlə müqayisədə aşağıdır. Buna görə də rəqabət şəraitində rentabelliyi gözləmək şərti ilə burada böyük imkanlar var ki, biletlərinin qiyməti aşağı salınsın. Bununla da Azərbayacana turist axınının gəlməsinə şərait yaratsınlar.

Ümumilikdə ölkənin varlanmasına və inkişafına çalışmalıyıq. Ölkə daha varlı olarsa, digər sahələr də bundan bəhrələnəcək. Hərə öz maraqlarını güdsə, ölkəni və mili maraqları düşünməsək, təbii ki, son nəticədə uğur qazana bilmərik. Cənab prezidentin fikirləri həm tövsiyyə, həm də birbaşa göstəriş idi. Düşünrəm ki, AZAL-ın rəhbərliyi də bu göstərişlərdən əməli nəticə çıxaracaqdır”.



Millət vəkili Elmira Axundova ölkə başçısının fikirlərini dəstəklədiyini bildirib. Deputat qeyd edib ki, bəzi istiqamətlərə qiymətlər bahadır: “Düşünürəm ki, AZAL dünyanın ən rahat və təhlükəsiz xidmətlərindən biridir. Mən və ailəm xaricə gedərkən əsasən AZAL-a üstünlük veririk. Hesab edirəm ki, adi insanların da büdcəsini nəzərə alıb qiymətləri tənzimləməlidirlər. Əgər bir insanın aylıq gəliri 400-500 manatdırsa o, bir biletə 600-700 manat necə versin? Hər kəsin istirahət etmək haqqı var. Əgər hər hansı aviaşirkət biletləri 200-300 manata satırsa, bu zaman AZAL 600 manata bilet verirsə, bu düzgün siyasət deyil. Çünki bizim insanlar o qədər də varlı deyillər.

Bu baxımdan insanlar yay aylarında daha çox istirahətə üz tutduqları üçün AZAL və digər aviaşirkətlər qiymətlərə güzəştlər etməlidirlər”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti