QHT Şurası jurnalistləri mükafatlandırdı

QHT Şurası jurnalistləri mükafatlandırdı
  16 İyul 2015    Oxunub:2506
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi ilə bağlı tədbir keçirib.
Tədbirdə şuranın sədri, millət vəkili Azay Quliyev, Mətbuat Şurasının sədr müavini, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının sədri Umud Rəhimoğlu, ziyalılar, KİV nümayəndələri iştirak edib.

Şuranın sədri Azay Quliyev çıxış edərək 140 illik bayram münasibətilə mətbuat nümayəndələrinə, jurnalistlərə yaradıcılıq uğurları arzulayıb: “Azərbaycan milli mətbuatının yaranmasından artıq 140 il ötür. Ötən müddət ərzində Azərbaycan mətbuatı uzun, keşməkeşli, şərəfli bir tarix yaşayıb, ağır sınaqlardan üzüağ çıxıb. İstər çar Rusiyası, istər SSRİ, istərsə də hazırkı müstəqillik dönəmində mətbuatımız daima xalqımızın mədəniyyətinin, tarixinin keşiyində duraraq çoxəsrlik milli ənənələrin qorunub saxlanılmasına böyük töhfələr verib. 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra isə Azərbaycan mətbuatı üçün yeni dövr başlayıb. Belə ki, plüralistik cəmiyyətin qurulması jurnalistlərimizə fikrini azad şəkildə ifadə etmək, üstün dünya təcrübəsindən bəhrələnmək və milli maraqlarımızı qətiyyətlə müdafiə etmək imkanı yaradıb. Azərbaycan dövlətinin ifadə azadlığının təminatı, mətbuat işçilərinin sosial durumunun yaxşılaşdırılması istiqamətində qəbul etdiyi ardıcıl qərarlar bu gün dünyada böyük maraqla qarşılanır və alqışlanır”.

Millət vəkili əlavə edib ki, milli mətbuatımız eyni zamanda Qarabağ münaqişəsi başlanan dövrdən Azərbaycan həqiqətlərinin obyektiv şəkildə dünyaya çatdırılmasında da böyük rol oynayıb və hazırda da bu işi uğurla davam etdirir: “Vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissələrindən olan qeyri-hökumət təşkilatlarının da ölkəmizdə bərqərar olmasında, bu günki inkişaf səviyyəsinə çatmasında mətbuatımızın rolu danılmazdır”.

MŞ-nın sədr müavini Umud Rəhimoğlu mətbuatın tarixi ilə bağlı məqamlara toxunub, dövlət tərəfindən mətbuata göstərilən diqqət və qayğıdan danışıb. O, "Əkinçi" adı ilə bağlı məqama toxunaraq bildirib ki, ictimai maarifçiliyi hədəfləyən Həsən bəyin ad seçimi dövrün bürokratizminin diqqətini yayındırmaq məqsədi daşısa da, bu adlandırma eyni zamanda bir xalqın bağlılıq simvolunun tapıntısı idi. Həsən bəy hər bir halda millətin tapındığı dəyəri rəhbər tutmağı bacarmışdı.

Qeyd edək ki, tədbirin sonunda mətbuat nümayəndələrinə qiymətli hədiyyələr təqdim olunub.


Teqlər:  



Xəbər lenti