30 minə yaxın abituriyent II və III qrupa imtahan verəcək

30 minə yaxın abituriyent  II və III qrupa imtahan verəcək
  21 İyul 2015    Oxunub:3126
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 25-də 2015/2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 56 binada aparılacaq.

İmtahanda 29582 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 15835 abituriyent II qrup üzrə, 13747 abituriyent III qrup üzrə imtahan verəcəkdir.

Abituriyentlərdən 26829 nəfəri (II qrup üzrə 14052 nəfər, III qrup üzrə 12777 nəfər) Azərbaycan bölməsinin, 2753 nəfəri (II qrup üzrə 1783 nəfər, III qrup üzrə 970 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 13251 nəfəri (II qrup üzrə 9842 nəfər, III qrup üzrə 3409 nəfər) oğlanlar, 16331 nəfəri (II qrup üzrə 5993 nəfər, III qrup üzrə 10338 nəfər) isə qızlardır. 28163 nəfər orta ümumtəhsil məktəblərinin, 19 nəfər ali təhsil müəssisələrinin, 1400 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 186 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1978-ci ildən, ən gənci isə 2000-ci ildəndir.

Bakı şəhərində 12765, Naxçıvanda 1458, Gəncədə 3686, Sumqayıtda 1537, Mingəçevirdə 1409, Şəkidə 1890, Ağcabədidə 1353, Göyçayda 1400, Şirvanda 1129, Lənkəranda 1837, Xaçmazda isə 1118 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunmasına 218 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2491 nəzarətçi-müəllim cəlb olunacaqdır.

İmtahanda abituriyentlərə hər fəndən 25 test tapşırığı olmaqla ümumilikdə 125 test tapşırığı təqdim olunur. II ixtisas qrupunda riyaziyyat, coğrafiya və ana dili (Azərbaycan bölməsi üzrə Azərbaycan dili, rus bölməsi üzrə rus dili) fənlərindən, III ixtisas qrupunda isə riyaziyyat, tarix və ana dili (Azərbaycan bölməsi üzrə Azərbaycan dili, rus bölməsi üzrə rus dili) fənlərindən son 4 sual açıq tipli test tapşırıqlarıdır.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti