6 ayın rüşvət statistikası - Fotolar

6 ayın rüşvət statistikası - Fotolar
  22 İyul 2015    Oxunub:4778
Vurulmuş 95 milyon manat ziyanın 31,8 faizi istintaq müddətində ödənilib

Bu ilin birinci yarımilliyində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 5150 müraciətinə baxılıb, həmçinin 95 cinayət xarakterli material araşdırılıb. AzVision.az xəbər verir ki, bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən cari ilin birinci yarısında korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərlə bağlı mətbuat konfransında idarənin rəisi Kamran Əliyev deyib.

O, qeyd edib ki, həmin materialların 65-i (68%) üzrə cinayət işi başlayıb, 30 (32%) material üzrə cinayət işinin başlanılması rədd edilərək zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 3414 müraciət daxil olub, həmin müraciətlərin 12-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlayıb. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib. Aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.

K.Əliyevin sözlərinə görə, hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 10, habelə korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 5 cinayət işi başlayıb.

2015-ci ilin I yarımili ərzində Baş İdarənin İstintaq idarəsi tərəfindən 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Həmin cinayət işlərindən 50 şəxs barəsində 33 iş mənimsəmə və israf etmə, 41 şəxs barəsində 30 iş dələduzluq, 26 şəxs barəsində 13 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 8 şəxs barəsində 8 iş saxta sənədlərdən istifadə etmə, 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 20 şəxs barəsində 8 iş rüşvət alma, 6 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş isə digər faktlarla əlaqədar olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 94 milyon 895 min manat ziyandan istintaq müddətində 30 milyon 226 min manat və ya 31, 8 %-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

K. Əliyev qeyd edib ki, bu ilin birinci yarısında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı tamamlanaraq, məhkəmələrə göndərilən cinayət işləri arasında “Sevil” MTK, Qazax Müəllimlər İnstitutun rektoru İsa Veysov və rəhbərlik etdiyi cinayətkar qrup, “Aqroliznq”in rəhbər şəxsləri ilə bağlı cinayət işləri də olub.

Prokuror bildirib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə məhkəməyə göndərilən məhkəmə işləri arasında qrup şəklində törədilmiş ağır cinayətlərlə bağlı işlər üstünlük təşkil edir. Keçən il məhkəmələrə göndərilən 103 cinayət işindən 51-i ağır cinayətlərə üzrə məhkəmələrə göndərilibsə, bu il məhkəmələrə göndərilən 99 cinayət işindən 59-u ağır cinayətlər üzrə məhkəmələrə göndərilib.

İndiyə qədər Baş İdarədə 270 cinayət işi üzrə istintaq həyata keçirilib. Bunların bir qismi üzrə istintaq başa çatıb, hazırda isə Baş İdarədə 118 cinayət işi üzrə ibtidai istintaq aparılmaqdadır.

Gültəkin Ələsgər
Nuran Məmmədov

Qalereya




Teqlər:  



Xəbər lenti