AzVision.az xəbər verir ki, bunu Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov 2015-ci ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, aparılan monitorinqlər dövlət orqanlarının saytlarının 90 faizinin təkmilləşdirildiyini göstərir. O, qeyd edib ki, bu gün hələ də vətəndaşların əhəmiyyətli qisminin arayışları dövlət orqanlarından aldığı müşayidə olunur: “Ancaq bu arayışların çoxu elektron hökumət portalından əldə edilə bilər”.

O, deyib ki, ümumilikdə, Fəaliyyət Planında nəzərdə tutulan işlərin indiyə qədər 76 faizinin icra olunması yüksək göstəricidir. Bu il Fəaliyyət Planının icraçı ilə bağlı son ildir və ilin sonunda nəticələr elan ediləcək. Bu nəticələr Komissiyanın saytında yerləşdiriləcək.
Mətbuat konfransında Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komissiyası "Korrupsiyaya qarşı mübarizədə nailiyyətin 10 ili" adlı mətbu nəşri də təqdim edib. Nəşr haqqında məlmat verən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov bildirdi ki, kitab 3 dövrü əhatə edir.
Korrupsiyaya qarşı mübarizə sahəsində yeni dalğanın 2005-ci ildən başladığını deyən V.Hüseynovun sözlərinə görə, məhz həmin ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun qüvvəyə minib:
- Bu qanunun qəbulundan sonrakı dövrdə silsilə tədbirlər həyata keçirilib. 2005-2015-ci illəri əhatə edən kitabda məlumatlar əsasən infoqrafik dizaynda təqdim olunub. Məlumatlar müxtəsərdir. Kitabın hazırlanmasında əsas yanaşma budur ki, oxucu həyata keçirilmiş işlər barədə məlumatlandırılsın.

Katib bildirib ki, kitabda qanunvericilik islahatları ardıcıl formada qeyd edilib. Yaradılmış ixtisaslaşmış qurumların fəaliyyəti geniş əhatə olunub. Bu qrumlar içərisində əsası Korrupsiyaya qarşı Mübarizə Komissiyası və yaxud Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsidir ki, onların gördükləri işlər haqqında ətraflı məlumatlar əldə etmək mümkündür.
Gültəkin ƏLƏSGƏR
Foto Nuron Məmmədov







Vaxtında, Aydın, Lazımlı!


