Millət vəkilindən jurnalistika ilə bağlı maraqlı fikirlər

Millət vəkilindən jurnalistika ilə bağlı maraqlı fikirlər
  22 İyul 2015    Oxunub:4547
`Hər kəsin təkcə informasiya istehlakçısı deyil, həm də informasiya daşıyıcısı, istehsalçısı ola biləcəyi və hətta olduğu bir zamanda yaşayırıq. Həsən bəy Zərdabi "Əkinçi"sini buraxanda və ondan daha 50 il sonra jurnalistliyi ancaq çox yüksək savadı olan, öz sahəsinə sığmayan, hərtərəfli adamlar edirdi. O zaman jurnalistlik daha çox mühərrirlik idi, indi isə daha çox reportyorluqdur`.

AzVision.az xəbər verir ki, bu sözlər tanınmış telejurnalist, millət vəkili Sahib Alıyevə aiddir. O, Jurnalistika Günü ilə bağlı fikirlərini bölüşərək, bildirir ki, bəlkə həm də buna görə hazırda jurnalistikaya sahəsinə sığmayanlar yox, adətən yaramayanlar üz tuturlar: `Az qala hamı yazır. Bacaran da, bacarmayan da. Buna haqqı və savadı çatan da, çatmayan da. Yazdığına görə müəyyən məsuliyyət daşıdığını dərk edən də, etməyən də. Əgər belə demək mümkünsə, aristokratsızlaşma təkcə jurnalistikada və təkcə bizdə baş vermir. Bu, qlobal meyldir. Hər yerdə- sənətdə, incəsənətdə oxşar proseslər gedir.

Pop mədəniyyəti deyilən bir nəsnə var. "Pop mədəniyyəti" əslində oksimorondur. "Pop" olan yerdə "mədəniyyət", "mədəniyyət" olan yerdə "pop" ola bilməz. Varsa və pop mədəniyyəti deyilən nəsnə qlobal meyldirsə, bu peşədə də, sənətdə də, incəsənətdə də özünü göstərməlidir, elə göstərir də. İndi mükəmməlləşmə deyiləndə göz önünə ancaq konveyerləşmə gəlir, vəssalam`.

Amma tanınmış telejurnalistin sözlərinə görə, bu reallıqlar fonunda sevindirici məqam da var. O da Azərbaycan jurnalitikasında onu peşə və sənətdən incəsənətə çevirməyi bacaran, ən azından buna potensialı çatan adamların varlığıdır: “Bir əlin barmaqlarıyla sayılacaq qədər azdırlar, ancaq onlar var. Və nə yaxşı ki var!”

Millət vəkili bunu da qeyd edib ki, əgər həkim, rəssam, bəstəkar, müğənni, nə bilim daha kimsə öz peşəsinin ustasıdırsa, hamı ondan razılıq edir, ona hörmətlə yanaşır. Jurnalistələrə gəldikdə, onların özlərinə və işlərinə yanaşma heç də birmənalı olmur: “Jurnalist bizim 2-3 dəqiqədə tanış olduğumuz bir materialı hazırlamaq üçün bəzən həyatını risqə qoyur, günlərlə vaxt sərf edir, gözünün nurunu tökür. Amma bütün bunlardan sonra təqdim etdiyinə "bravo" deyənlərlə yanaşı, dodaq büzənlər də tapılır. Hərdən məsələ heç təkcə dodaq büzməklə də bitmir. Jurnalistlərə həsəd aparanlar, onların gərəyindən çox qiymətləndirildiyini düşünənlər pərdənin bu tərəfinə də baxsalar pis olmaz”.


Teqlər:  



Xəbər lenti