Beynəlxalq Banka yeni sədr seçildi
Məlumata görə, İdarə Heyətinin sədri vəzifəsinə 3 nəfərin namizədliyi qeydə alınıb. Onlardan biri "Kapital Bank" ASC-nin keçmiş, "Azəri-Türk Bank" ASC-nin isə indiki rəhbəri Elmar Məmməd oğlu Məmmədov, ikincisi Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Qurban oğlu Musayev və üçüncü əsas namizəd isə Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Temraz oğlu Orucov olub.
İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov seçilib.
ABB-dən əldə etdiyimiz digər məlumatda isə bu gün səhər saatlarında bankın İdarə Heyəti sədrinin müavini və baş maliyyə direktoru Rəşad Tofiq oğlu Hacıyev vəzifəsindən istefa verib.
Qeyd edək ki, Elmar Məmmədov 1967-ci ildə anadan olub. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu maliyyə və kredit 1994-cü ildə isə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, bankın Səbayel filialının müdiri olub. 2004-cü ilin noyabrından “Kapital Bank” ASC-nin Kreditləşmə və layihələrin maliyyələşdirilməsi departamentinin direktoru, həmin ilin dekabrından bankın İdarə Heyəti sədrinin müavini, 2005-ci ilin dekabrından isə İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışıb. “Kapital Bank” ASC Müşahidə Şurasının 5 iyun 2009-cu il tarixli qərarına əsasən, “Kapital Bank” ASC İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. 2014-cü ildə isə “Azər-Türk Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağında bankın İdarə Heyətinin sədri seçilib.
Əlavə edək ki, Elmar Məmmədov “Azərsığorta” Dövlət şirkətinin rəhbəri Məmməd Məmmədovun oğludur.
Xatırladaq ki, Cahangir Hacıyev bu il martın 18-də səhhəti ilə əlaqədar işdən uzaqlaşması barədə ərizə verib. Bankın Müşahidə Şurası istəyi bu təmin etmişdi. Müşahidə Şurasının iyulun 3-də keçirilən iclasında növbəti iclasın iyulun 22-nə keçirilməsi qərara alınmışdı. Sədr müavini Emil Mustafayev indiyə qədər sədri əvəz edirdi.
AzVision.az
Teqlər: