Deputatlar harada dincəlir?

Deputatlar harada dincəlir?
  23 İyul 2015    Oxunub:4184
Artıq bir neçə gün olar ki, Milli Məclisin deputatları yay tətilinə buraxılıb. Onlardan kimisi artıq məzuniyyət hüququndan istifadə edərək rayonlarımızdan birinə yollanıb, kimisi isə elə Bakıda dincəlməyə üstünlük verir.

AzVision.az bir neçə deputatdan harada istirahət edəcəkləri ilə bağlı soruşub.

Millət vəkili Fəzail Ağamalı bildirib ki, hansısa xarici bir ölkəyə getmək niyyəti yoxdur.

“Hazırda Azərbaycandayam. Çalışacağam ki, rayonlarımızın birində münasib bir yer tapıb 15 gün dincəlim. Başqa bir ölkəyə getmək haqqında düşünmürəm”.

Fəzail Ağamalıdan fərqli olaraq deputat Flora Qasımova ölkədən kənarda dincəlməyə üstünlük verir: “Tətildə Rusiyaya, Yessuntikiyə dincəlməyə gedəcəyəm”.

Milli Məclisin üzvü Aqil Abbasın dediyinə görə, onun harada istirahət etməsi büdcəsindən aslıdır.

“Hər il gedib Ağcakənddə dincəlirəm. Bu il də 3-4 gün orada dincələcəyəm. Bizim Xocalı camaatı da orada olur. Oralar xoşuma gəlir. Bu il isə ölkədən kənara çıxmağım puluma bağlıdır. Pulum olsa, harasa gedib istirahət edəcəyəm”.



Millət vəkili Asim Mollazadə isə yay tətilini Bakıda keçirəcək.

Deputat Rasim Musabəyov da digər həmkarları kimi ölkədən kənara çıxmaq niyyətində deyil. O Azərbaycanda istirahət etməyə üstünlük verdiyini bildirib: “Dövlətin yaratdığı şəraitdən istifadə edərək Zaqulbada dincələcəyəm”.

Xanım deputat Jalə Əliyeva adətən Bakıdakı bağ evində dincəlir: “Uzaq başı rayonlara altı -bazar gedib gələ bilərəm. Başqa gedəcək yerim yoxdur”.

Qeyd edək ki, “Deputatın statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət veriləcək. Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alacaqlar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  



Xəbər lenti