100-cü orqan köçürülməsi həyata keçirilib

100-cü orqan köçürülməsi həyata keçirilib
  07 İyun 2013    Oxunub:1309
100-cü orqan köçürülməsi bu günlərdə uğurla həyata keçirilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında 100-cü orqan köçürülməsi əməliyyatı müvəffəqiyyətlə icra olunub. AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanda milli komanda tərəfindən ilk orqan transplantasiyası işi 12.12.2008-ci ildə qaraciyər transplantasiyası ilə başlayıb. Bu təkcə Azərbaycanda deyil, həm də sərhədlərimizdən kənar böyük bir coğrafi arealda (Qafqaz, Qazaxıstan və Orta Asiya) bir ilk idi. Hal-hazırda ölkəmizdə azərbaycanlı həkimlərdən ibarət olan komanda tərəfindən 100 xəstədə transplantoloji əməliyyat icra olunmuşdur. Ölkəmizdə icra olunan qaraciyər transplantasiyası əməliyyatlarının nəticələri Avropa Qaraciyər Transplantasiyası Cəmiyyətin tərəfindən müzakirə olunmuş və Avropa Qaraciyər Transplantasiyası Reyestrində Mərkəzi Neftçilər Xəstəxanasının transplantasiya bölümü həqiqi üzv olaraq qeydiyyata alınıb. Bu Azərbaycan səhiyyəsinin 30 Avropa ölkəsi arasında layiqli yer tutmasına səbəb olmuşdur. Sevindirici haldır ki, əməliyyat olmuş xəstələrdən 6-sı xarici ölkə vətəndaşlarıdır. 5 gürcü millətli Gürcüstan vətəndaşına və 1 Qazaxıstan vətəndaşına qara ciyər və böyrək köçürməsi əməliyyatları müvəffəqiyyətlə icra edilmişdir. Son zamanlar xarici ölkələrdən mərkəzimizə olan müraciət sayları artmaqdadır.

Qeyd edək ki, Azərbaycanda həyata keçirilən orqan transplantasiyası nəticəsində 41 qaraciyər, 59 böyrək köçürülüb. Əməliyyatların hamısı yerli həkim briqadası tərəfindən həyata keçirilib.

Mərkəzi Neftçilər Xəstəxanasının Transplantasiya mərkəzində 100-cü orqan köçürülməsi bu günlərdə uğurla həyata keçirilib. Bu əməliyyat Gürcüstan vətəndaşı olan 17 yaşlı Eldar Aslanov üzərində olub. Ona böyrək öz qohumundan köçürülüb. Xəstənin vəziyyəti qənaətbəxşdir.


Teqlər:





Xəbər lenti