Ekspertdən təklif: “AZAL satışa çıxarılmalıdır”

Ekspertdən təklif: “AZAL satışa çıxarılmalıdır”
  24 İyul 2015    Oxunub:4087
Azərbaycanda bəzi ekspertlər AZAL və SOCAR-ın özəlləşdirilməsini təklif edirlər. İddia olunur ki, sözügedən şirkətlər ən cüzi vergi öhdəliklərini yerinə yetirə bilmədiklərindən onların səhmləri satışa çıxarılmalıdır.
Ekspertlərin təklifindən sonra “Azərenerji”, “Azərsu”, Xəzər Dəniz Gəmiçiliyi, “Aztelekom”, AZAL kimi şirkətlərin özəlləşdirilməsi gündəmə gələ bilər.

İqtisadçı Vüqar Bayramov da “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) özəlləşdirilməsini təklif edir.

Ekspert AzVision.az-a açıqlamasında bildirib ki, dövlət büdcəsinə transferlərin həcminin azalması heç də neqativ hal kimi qiymətləndirilməməlidir. Çünki dövlət büdcəsində neftin qiymətinin hər barel üçün 90 dollar proqnozlaşdırılmasına baxmayaraq, dünya bazarında neftin qiymətinin 60 dollardan aşağı olması büdcə xərclərinə sekresiya tətbiq edilməsinə səbəb olub.

Onun sözlərinə görə, büdcə xərclərinə sekresiya tətbiq edilməsi büdcə xərclərinin və Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin həcminin azalmasına gətirib çıxarıb.

Dövlət Neft Fondundan dövlət büdcəsinə ayırmaların azalmasının hökumətin qənaət prinsipi ilə əlaqələndirən V. Bayramovun sözlərinə görə, hökumət bu yolla Dövlət Neft Fondunun rezervlərinə qənaət etməyə çalışır: “İndiki məqamda büdcə gəlirlərinə, o cümlədən, dövlət rezervlərinə və Dövlət Neft Fondunun vəsaitlərinə qənaət edilməlidir. Dövlət Neft Fondunun dövlət büdcəsinə ayırmalarının həcminin proqnozlaşdırılan məbləğdə olmaması hazırda ölkədə qənaət prinsipinin tətbiq edilməsi ilə bağlıdır. Təbii ki, bunun da qorunub saxlanmasına ehtiyac var”.

Dövlət şirkətlərinin özəlləşdirilməsinə gəlincə, ekspert hesab edir ki, “Azərbaycan Hava Yolları” QSC-nin təyyarə biletlərinin qiymətini aşağı sala bilməməsi, bəzi reysləri təxirə salması AZAL-ın idarəetmə xərclərinin çoxluğundan xəbər verir. Odur ki, AZAL-ın səhmələri satışa çıxarılmalıdır: “QSC subsidiyalı, güzəştli yanacaq alır, amma qiymətlər hələ də baha olaraq qalır. Buna görə də AZAL-ın özəlləşdirilməsinə heç də fiksal deyil, daha çox sağlamlaşdırma aspektindən yanaşılmalıdır. Çünki özəlləşdirmə yolu ilə dövlət büdcəsinin gəlirlərinin artırılması qısamüddətli dövrü əhatə edəcək. Yəni özəlləşdirmə oldu, dövlət büdcəsinə vəsaitlər daxil oldu və bitdi. Lakin növbəti mərhələdə həmin şirkət yalnız vergi verməklə dövlət büdcəsinə töfhə verə bilər. AZAL-ın özəlləşdirilməsi dövlət büdcəsinin gəlirlərinin artırılması deyil, şirkətin sağlamlaşdırılması, çevik idarəetmənin təmin edilməsi baxımından əhəmiyyətlidir. Bu baxımdan AZAL-ın səhmlərinin 49% satılması, səhmlərin 51 % -nin isə dövlətdə qalması daha yaxşı olar və dövlət AZAL-da dominantlığını qoruyub saxlayar”.

“Azərenerji”, “Azərsu”, Xəzər Dəniz Gəmiçiliyi, “Aztelekom” kimi şirkətlərin özəlləşdirilməsini isə məqbul hesab etməyən V. Bayramov deyir ki, sözügedən şirkətlərin müəyyən xidmətləri idarəetməyə verilməlidir: “Ümumiyyətlə istər Dövlət Neft Şirkəti, istər “Azərenerji”, “Azərsu”-nun özəlləşdirilməsinə ehtiyac yoxdur. Çünki iqtisadi vəziyyət problemli deyil və böhran qorxusu yoxdur. Xarici borcumuz ümumdaxili məhsulun 12% -ni təşkil edir, bu göstəriciyə görə, Mərkəzi, Şərqi Avropada, MDB-də ən yaxşı nəticəyə malikik. Dövlət rezervlərinin ümumdaxili məhsuldakı payı 70%-ə yaxındır. Bu göstəriciyə görə ölkəmiz regionda ən yaxşı vəziyyətə malikdir”.

Ekspert deyir ki, ölkə başçısı 2014-cü ilin sosial-iqtisadi yekunları ilə bağlı keçirdiyi müşavirədə 2015-ci ilin dünya üçün asan olmayacağını proqnozlaşdırmışdı.

V. Bayramovun sözlərinə görə, Prezident Azərbaycanda dövlət xərclərinə qənaət edilməsi və səmərəli xərclənməsi ilə bağlı tövsiyyələrini verib.

“İndiki məqamda iqtisadi siyasət ölkə başçısının bu ilin yanvar ayındakı tapşırıqları üzərində qurulmalıdır.Yəni ölkə başçısının tapşırıqları, yeni idarəetmə və büdcə xərclərində səmərəliliyin , şəffaflığın artırılması imkan verəcək ki, real büdcə gəlirləri və xərcləri formalaşsın. Azərbaycan öz büdcə öhdəliklərini yerinə yetirə bilsin. Bütün hallarda Azərbaycan üçün sosial öhdəliklərin yerinə yetirilməsi ilə bağlı nəinki 2015-ci ildə, hətta növbəti illərdə də hər hansı bir çətinlik olmayacaq. Dövlət rezervləri, mövcud durum imkan verir ki, Azərbaycan yaxın illərdə neftin bir barelinin qiyməti aşağı olsa belə, öz sosial öhdəliklərini tam olaraq yerinə yetirsin. Belə olan halda qısamüddətli dövr üçün “Azərenerji”, “Azərsu”, Xəzər Dəniz Gəmiçiliyi, “Aztelekom” kimi şirkətlərin özəlləşdirilməsini məqbul hesab etmirəm. Sözügedən şirkətlərdən yalnız AZAL-ın səhmləşdirilməsi və səhmlərinin 49%-nin özəlləşdirilməsinin tərəfdarıyıq”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti