QAT Bayram Səfərovdan niyə narazıdır?

  24 İyul 2015    Oxunub : 2146
QAT Bayram Səfərovdan niyə narazıdır?
“Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Bayram Səfərovun ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana səfərindən xəbərsiz olması rəhbərlik etdiyi icmanın fəaliyyətsizliyindən irəli gəlir”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.

QAT sədri hesab edir ki, icma haradansa tapşırığın verilməsini gözləməli deyil: “Onlar Dağlıq Qarabağın azərbaycanlılarını təmsil edir. Ona görə də mövqelərində tələb, radikallıq, hayqırtı, olmalıdır. Hamısı özünü diplomat kimi aparır. Bu halda isə icmanın fəaliyyətinin mənası olmur”.

A. Nağı qeyd edib ki, məhz Qarabağın Azərbaycanlı icmasının fəaliyyətsizliyi, təşəbüskarlıq nümayiş etdirməməsi səbəbindən həmsədrlər onlarla görüşlər keçirmir: “Dağlıq Qarabağın Erməni İcmasının fəaliyyətinə beynəlxalq təşkilatların özü şərait yaradır. Onları müxtəlif tədbirlərə dəvət edirlər. Yəni, bu məsələdə ayrı-seçkilik var. Ancaq Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fəaliyyətsizliyi də burada qeyd edilməlidir. Dağlıq Qarabağ məsələsi ilə bağlı Türkiyədə keçirilən tədbirlərə belə icmanın nümayəndələri dəvət olunmur. Sanki ya tədbir keçirənlərin yadına düşmür, ya da icmanın özü təşəbbüs göstərmir.

Həmişə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fəaliyyətsizliyini tənqid emişəm. Amma obyektivlik naminə deyim ki, ölkə daxilində müəyyən tədbirlər keçirirlər. Ancaq, orada bir ətalət var. Sanki haradansa tapşırıq gözləyirlər. Təşəbbüskarlıq yoxdur. Həmişə demişəm ki, onların içərisindən təşəbbüs olmalıdır. Yəni, özləri nəsə etməlidirlər. Yəni, təşəbbüs göstərməlidirlər ki, hökumət onlara şərait yaratsın”, - deyə QAT sədri bildirib.

QAT sədri həmsədrlərin regiona son səfərini də şərh edib: “ATƏT-in Minsk qrupunun regiona növbəti səfərindən də münaqişənin həll edilməsi istiqamətində hər hansı bir uğur gözləməyə dəyməz. Onlar səfər ətrafında ajiotaj yaratmağa çalışırlar. Əsas məqsədləri prezidentlərin görüşünü təşkil etməkdir. Amma prezidentlər səviyyəsində görüşün təşkilinin belə heç bir mənası yoxdur. Çünki, həmsədr ölkələr və beynəlxalq təşkilatların məsələyə yanaşması dəyişmir. Yəni, Ermənistanı işğalçı kimi tanıyıb, ona qarşı sanksiyalar tətbiq etmək istəmirlər. Buna görə də heç bir nəticə olmayacaq. Sadəcə görüntü yaradılar. Onlar vaxtı uzatmaqla Azərbaycanı mövcud vəziyyətlə barışdırmağa çalışırlar. Qarşılarına qoyduqları məqsəd budur”.

Elvin Abdulqədirov

Teqlər: