Cəbhə ilə bağlı mətbuata xəbərdarlıq: Diqqətli olun!

Cəbhə ilə bağlı mətbuata xəbərdarlıq: Diqqətli olun!
  25 İyul 2015    Oxunub:5276
Artıq bir neçə gündür ki, bəzi mətbuat orqanları cəhbə xəttində gərginliyin olması ilə bağlı insanlar arasında təlaş doğuran xəbərlər yayırlar. Hətta bəziləri “müharibə”nin başlamasına işarə edən yazıları da öz səhifələrində dərc etməkdən çəkinmirlər.
Qeyd edək ki, ötən ilin avqust ayında da cəhbə xəttində gərginlik müşahidə olunmuşdu. Düşmən ordusu xeyli itki verərək geri çəkildi. Həmin vaxt Azərbaycan Silahlı Qüvvələri də düşmənlə müqayisədə çox az itki verdi. Amma ölkə daxilində fəaliyyət göstərən bəzi mətbuat orqanları bilərəkdən və yaxud bilməyərəkdən cəhbə xəttindəki itiklərin sayını artıraraq dezinformasiyalar yaydılar.

Məlum hadisələr zamanı Azərbaycan mətbuatının tutduğu mövqe hakimiyyət tərəfindən kəskin tənqid olundu. Nəticədə bütün mətbuat orqanlarına hərbi sirrin yayılmaması ilə bağlı sərt xəbərdarlıq edildi.

Amma mətbuatımız deyəsən həmin səhvləri yenidən təkarar etməyə başlayıb.



AzVision.az-ın məlumatına görə, bunu hərbi ekspert Üzeyir Cəfərov mətbuatın Müdafiə Nazirliyinin rəsmi məlumatı olmadan sensasiyalı xəbər yaymasının yalnış olduğunu bildirib.

Onun sözlərinə görə, mətbuat cəbhə ilə bağlı xəbərlərə həssas yanaşmalı, dəqiqləşdirilməmiş informasiyalar tirajlamamalıdır.

“Deyəsən ötən ilin avqustunda baş verən hadisələr təkrarlanır. Ötən gecədən başlayaraq kimlərsə sosial şəbəkələrdə, bəzi sayt və qəzetlərdə Gədəbəy istiqamətində "aktiv müharibə"nin başladığı haqda xəbərlər dərc olunur. Haranısa yenə "almışıq". Şəxsən mənə çox maraqlıdır ki, iyulun 26-da "Gülüstan" sarayında Milli Mətbuat günü ilə əlaqədar sinələrinə "Əməkdar jurnalist", "Tərəqqi" medalı taxılan media kapitanları nə tez unutdular ki, belə tipli vacib məlumatları onlar Müdafiə Nazirliyinə istinadən verməyi razılaşmışdılar.

Hələ aktiv döyüş əməliyyatları başlamayıb, bu qədər naşılıq və xaotiklik yenə baş alıb gedir. Ay "tanklar cəbhədə ora aparılıdı, toplar belə getdi" tipli məlumatlar yenə aləmi başına götürüb.

İncimək lazım deyil, cənab media kapitanları. Siz müharibə şəraitində işləməyi nə özünüz bacarırsınız, nə də bu işi öyrənməyə heç cürə həvəsli görünməyən bəzi əməkdaşlarınız. Sizin ötən il MN-nin rəsmiləri ilə - nazir müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyevlə keçirtdiyiniz görüşlər də heç bir real nəticəsi olmadı. Necə deyərlər, utanmaqdan keçib”.

Hərbi ekspert hesab edir ki, belə getsə, bizim mətbuat böyük maneə olacaq: “Biz səhvlərimizdən nəticə çıxartmaq deyil, səhvlərimizi daha da əcaib formada təkrarlamaqda davam edirik. Zərbəsi isə hamımıza bir yerdə dəyir. Ən sonda. Torpaqları işğal altında qalan dövlətin düşmənlə üzbəüz dayanan əsgəri, zabiti namərd gülləsinə hər an tuş gələ bilər. Necə ki, gəlir. Ona görə də, bir az diqqətli və hazırlıqlı olmağımız gərəkdir”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti