Zahid Oruc: “Gədəbəydəki hərbi toqquşma bir siqnaldır”

Zahid Oruc: “Gədəbəydəki hərbi toqquşma bir siqnaldır”
  26 İyul 2015    Oxunub:4088
“1-ci Qarabağ savaşı zamanı Ermənistanın hərbi taktikası onsuz da zəif və pərakəndə olan Azərbaycanın silahlı qüvvələrinin gücünü parçalamaq üçün müharibəni təkcə Qarabağ coğrafiyasında deyil, digər ərazilərimizdə də aparmaq idi”.

Bu fikirləri AzVision.az-a millət vəkili Zahid Oruc son günlər cəbhə xəttində yaşanan hadisələrə münasibət bildirərkən deyib.

Deputat hesab edir ki, məruz qaldığımız işğalın miqyası ermənilərin o vaxtkı hərbi taktikasının onlar üçün uğurla sonuclandığını deməyə əsas verir: “Lakin dinc dövrdə bir qayda olaraq tərəflər əsasən Tər-tər, Goranboy və Ağdam cəbhə xətlərində toqquşmaların şahidi olmuşduq. Gədəbəydə düşmənin 5 nəfər canlı qüvvə itkisi ilə baş verən insident təsadüfi xarakter daşımayıb və müxtəlif siyasi-psixoloji niyyətlər güddüyünü açıq söyləməyə bilərik. Belə ki,son dövrlər ermənilər Qarabağda bütün parametlər üzrə əməliyyatlarda Azərbaycana uduzur, texnika və silah-sursatın gücü ilə sabitliyi qoruya bilmir. Digər tərəfdən hərbi balansın onların ziyanına dəyişməsi artıq Ermənistan içərisində ciddi siyasi nəticələr doğurur. Ona görə Gədəbəy cinahını Azərbaycanın zəif bəndinə çevirməyə ümid bəsləyərək, həmçinin Azərbaycanın eyni zamanda Ermənistanla müharibə apardığını göstərmək naminə belə təxribata əl atılıb”.

Deputat qeyd edib ki, Gədəbəydəki düşmən təxribatı genişmiqyaslı müharibə demək olmasa da, əvvəlki durumundan xeyli fərqlənir.

“Son toqquşma ATƏT üçün bir siqnal olmalıdır. Bütün dilomatik korpus təmsilçilərinin bir hüquq müdafiçəsinin məhkəməsinə səfərbər olunduğu zamanda cəbhədə atışmalar gedir və Azərbaycanının təhlükəsiliyinə ən böyük təhdidlər qaldığı bir zamanda Minsk qrupu ölkələri torpaqlarımıza və sərhədimizə, hərbçilərə və mülki insanlara deyil, muzdlu şəxslərə və emissarlara total bir maraq nümayiş etdirirlər. Halbuki Gədəbəydə baş verən əməliyyat bilavasitə Minsk qrupunun fəaliyyətinə qarşı atılan güllələrdir”-deyə Z.Oruc vurğulayıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhəddinin Gədəbəy rayonu sahəsində mövqelərimizi müxtəlif silahlardan intensiv atəşə tutmaqla aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstəriblər.

Bütün hallarda düşmənə atəşlə zərər vurulmaqla o susdurulub, hərəkət cəhdlərinin qarşısı qətiyyətlə alınıb və ən azı 5 nəfər itki verməklə geri çəkilməyə məcbur edilib.

Düşmənin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu şəhid olub.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti