`Freedom House`, yoxsa demokratiya kələyi - TƏHLİL

`Freedom House`, yoxsa demokratiya kələyi -  TƏHLİL
  29 İyul 2015    Oxunub:3243
`Freedom House` təşkilatının adında `azadlıq` kəlməsi olsa da, əslində, bu təşkilat insanların hüquq və azadlıqları ilə yox, tamamilə müstəqil siyasət yeridən dövlətlərin müstəqilliyinin əllərindən alınması və asılı, qeyri-azad vəziyyətə salınması uğrunda mübarizə aparır.

Hansı dövlət müstəqil xarici siyasət yürüdürsə, “Freedom House”un siyahısında vətəndaş azadlıqları və demokratiyanın səviyyəsinə görə ən aşağı səviyyədə təqdim olunur.

Bu `Freedom House` – un əslində kimlərinsə maraqlarına xidmət edən siyasi bir təşkilat olduğunu göstərən sübutdur. Adını `Azadlıq Evi` kimi təqdim edən bir təşkilat hər il dünya ölkələrində vətəndaş azadlıqları və demokratiyanın mövcud səviyyəsini göstərən hesabatı ilə gündəmə gəlir.

Təşkilatın illik hesabatlarına nəzər saldıqda aydın şəkildə sezilir ki, qurumun fəaliyyəti tamamilə qərəzli, qeyri-obyektiv məlumatlara əsaslanır.

`Freedom House` 2015-ci ildə son hesabatını bəyan edib. Hesabatda dünya ölkələrində demokratiya və vətəndaş azadlıqlarının mövcud vəziyyəti 7 ballıq sistemlə dəyərləndirilib. Buna əsasən, ölkələrə 1-7 bal aralığında qiymət verilib. Demokratik tərəqqinin ən yüksək səviyyəsi 1, ən aşağı səviyyəsi isə 7 balla qiymətləndirilib. Azərbaycanda vətəndaş azadlıqları və demokratiyanın vəziyyəti 6 balla qiymətləndirilib.

Təşkilat bu “qiyməti” Azərbaycana verməklə həmişə olduğu kimi bir daha qərəzli mövqeyini ortaya qoyub. Təşkilatın Cənubi Qafqazdakı insan hüquqları və demokratiyanın mövcud vəziyyəti bağlı hesabatında Gürcüstana 3, Ermənistana 5, Azərbaycana isə 6 bal verib. Ən aşağı göstəricinin 7 balla qiymətləndirildiyi bir sistemdə Ermənistan Azərbaycandan daha yüksək səviyyədə göstərilib. İnsan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğu, minlərlə siyasi dustağın olduğu bir ölkədə necə ola bilər ki, insan hüquqları və azadlıqlarının mövcud vəziyyəti Azərbaycandakından daha yüksək qiymət verilsin.



Bütün bunlar bir daha təsdiq edir ki, hesabatlar kimlərinsə birbaşa sifarişi əsasında hazırlanır. Bu “Freedom House” - ın fəaliyyəti zamanı tətbiq etdiyi ikili standardların nəticəsidir. Açıq aşkar görünür ki, təşkilat erməni lobbisinin oyuncağına çevrilib.

Bunu hər kəs aydın şəkildə sezə bilər. Azərbaycanın mövcud inkişafını, demokratiya və insan hüquqları sahəsində əldə etdiyimiz uğurları görməzlikdən gəlmək əslində təşkilatın ali “məqsədini” bir daha ortaya qoyur. Azərbacana verilən bu “qiymət” isə tamamilə avtoritar rejimli ölkələrə verilən qiymətlərə çox yaxındır. Halbuki, ölkəmizdə tamamilə demokratik idarəçilik və vətəndaş cəmiyyəti institutlarının təşəkkül tapdığı, insan hüquq və azadlıqlarının tam olaraq təmin olunduğu bir sistem yaradılıb.

“Freedom House”- un Azərbaycanda həbsdə olan Leyla Yunus kimi satqınları, vətən xainlərinin həbsdə olmasını gündəmə gətirməsi ondan xəbər verir ki, təşkilat Azərbaycan əleyhinə qərəzli, qeyri-obyektiv, subyektiv fikirlərin məhsulu olan və konkret sifariş əsasında yazılan dərc edir.



Təşkilat Azərbaycanda mövcud olan mətbu orqanların fəaliyyətinə dövlət tərəfindən müdaxilə olunduğu qənaətinə gəlir. Guya ki Azərbaycanda mövcud olan media orqanlarının 80%-i dövlət nəzarəti altındadır. Halbuki internete çıxışı olan istənilən şəxs elə ilk baxışda bu ideyanın tamamilə xəyal məhsulu olduğunu anlaya bilər. Çünki Azərbaycandakı mətbu orqanları tamamilə müstəqil fəaliyyət göstərirlər. Əgər belə olmasaydı biz Meydan tv, Azadlıq.org, Azadlıq.az Obyektiv tv, Kanal 13, Yeni Müsavat kimi media orqanlarının fvə müxalifyönlü jurnalistlərin sərbəst fəaliyyətini müşahidə etməzdik. müşahidə etməzdik.



Həmçinin, Azərbaycanın tolerant bir ölkə olduğunu sübut edən əsas faktlardan biri də odur ki, ölkədə radikal mətbu orqanlar rahat şəkildə fəaliyyət göstərir. Misal olaraq, islamazeri.az, ilsaminsesi.org, faktxeber.org, azeriislam.az, deyerler.org, interaztv.com, azadxeber.az xəbər orqanlarının adını çəkmək olar.

Nəticə etibarilə, onu deyə bilərik ki, “Freedom Hause” – nin Azərbaycanla bağlı illik hesabatları bizi qətiyyən narahat etmir. Çünki həmin təşkilatın kimlərə xidmət etməsi gün kimi aydın məsələdir. Bütün bu hesabatlar Azərbaycanın mövcud inkişafına və əldə etdiyimiz uğurlara qətiyyən kölgə sala bilməz. Azərbaycan istənilən sahədə regionda lider dövlət statusuna sahibdir. Əldə etdiyimiz uğurların nəticəsidir ki, regionda və dünyada baş tutmuş hər hansı bir irimiqyaslı layihə Azərbaycanın iştirakı olmadan və mövqeyi nəzərə alınmadan həll olunmur. “Freedom Hause” kimi “demokratiya kələkbazları” da təbii ki, Aərbaycanın bu inkişafına qısqanclıqla yanaşır və hər vasitə ilə bu inkişafa kölgə salmaq istəyir.

Ceyhun Əhmədli
Femida.az




Teqlər:





Xəbər lenti