Vüqar Həşimov turnirinin qalibi bəlli oldu

Vüqar Həşimov turnirinin qalibi bəlli oldu
  02 Avqust 2015    Oxunub:2669
Üçqat Avropa çempionu, Avropa və dünya çempionatlarının altıqat vitse-çempionu, Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı, ömrünün 28-ci ilində dünyasını dəyişmiş görkəmli Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilən və sayca ikinci dəfə keçirilən beynəlxalq turnir başa çatıb.

AzVision.az-ın məlumatına görə, turnirdə 8-10-12 yaşadək oğlanlar və qızlar, o cümlədən dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan birinciliyinin iştirakçıları və beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar mübarizə aparıblar.

Gərgin idman mübarizə şəraitində keçən turnirdə fəxri kürsünün ən yüksək pilləsinə Bakı şahmatçısı Məhəmməd İsmayılov qalxıb. Əməkdar məşqçi Anar Allahverdiyevin yetirməsi olan şahmatçı 9 oyundan 7,5 xal toplayıb. Gümüş medala layiq görülən Əhməd Əhmədzadə qaliblə eyni xalı toplasa da, əlavə göstəricilərə görə ikinci yeri tutub. Bürünc mükafata isə beynəlxalq turnirin reytinq favoriti hesab olunan Məhəmməd Muradlı layiq görülüb. Dördüncü yeri Gürcüstan şahmatçısı Nikolozi Kaçarava, beşinci yeri isə Naxçıvan təmsilçisi Sadiq Məmmədov tutublar. Vüqar Həşimov kuboku ilə təltif olunan Məhəmməd İsmayılov və gümüş mükafatın sahibi olan Əhməd Əhmədzadə, eyni zamanda, “Baku Open 2015” və “Nakhchivan Open 2015” festivallarında mehmanxanalarda ödənişsiz qalmaq imkanı əldə ediblər. (Azərtac)

AzVision.az


Teqlər:





Xəbər lenti