Dəniz suyunda infeksiya yoxdur - Rəsmi

Dəniz suyunda infeksiya yoxdur - Rəsmi
  11 Avqust 2015    Oxunub:5287
Xəzər dənizinin suyunda hər hansı bir insanın ölümünə səbəb olacaq infeksiya yoxdur.
AzVision.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Bakıda 2 yaşlı körpənin dənizdə çimdikdən sonra ölməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Dənizdə çimdikdən sonra hər hansı bir uşağın xəstələnərək ölməsi barədə məlumatlarının olmadığını deyən A.Əliyeva bildirib ki, dəniz suyunda uşağın ölümünə səbəb olacaq infeksiya yoxdur: “Əgər bu səbəbdən belə bir hadisə olsaydı, bizim bundan mütləq məlumatımız olardı. Ola bilər ki, bu, ara sözüdür. Ancaq hər hansı məsələ tam aydınlaşdırılmalı, ondan sonra bunun səbəbi müəyyənləşdirilməlidir. O da nəzərə alınmalıdır ki, dənizin bütün zonalarında çirklənmə yoxdur”.

Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov isə Trend-ə bildirib ki, uşağın ölümünün dəniz suyunun təsirindən baş verməsini aydınlaşdırmaq üçün ilk növbədə uşağın dənizin hamnsı hissəsində çimdiyi konkret ünvanla açıqlanmalıdır.

Z.Kazımov deyib ki, Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərində vətəndaşların çimməsi qadağan edilib. Laborator analizlərin nəticələrinə görə, qalan ərazilər yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır: “Ancaq valideyn konkret olaraq deməlidir ki, uşaq hansı ərazidə çimib. Bu məsələ araşdırılmalıdır. Dəniz suyunda elə bir virus yoxdur ki, o, dəniz suyundan uşağa keçsin və uşaq da rəhmətə getsin”.

Z.Kazımovun sözlərinə görə, hətta çimrəlik hesab olunmayan ərazilərdəki dənuz suyunda belə insanın ölümünə gətirib çıxara bilən infeksiya yoxdur.

Xatırladaq ki, xəbər saytlarının yazdığlı məlumata görə, Bakıda 2 yaşlı Həsən Abdulmüslümov dənizdə çimdikdən sonra qusmağa başlayıb və temperaturu yüksəlib və nəticədə dünyasını dəyişib. Uşağın dayısıRüfət Quliyev uşağın sağlam olduğunu, onun qısa bir müddət ərzində dünyasını dəyişdiyini söyləyib.


Teqlər:  





Xəbər lenti