Ağdamda “Dini və mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib

Ağdamda “Dini və mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib
  11 Avqust 2015    Oxunub:1731
Ağdamın Quzanlı qəsəbəsindəki mədəniyyət evində “Dini və mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, din xadimləri iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, Əməkdar jurnalist Bəxtiyar Sadıqovun ssenarisi əsasında hazırlanan “Ruhlar şəhərinin sakinləri” filminin təqdimatı olub. Filmin ssenari müəllifi Bəxtiyar Sadıqov çıxışında deyib ki, 20 dəqiqəlik ekran əsəri hazırda “Ruhlar şəhəri” adlanan Ağdama, Qarabağ ağrı-acılarına, faciələrinə həsr olunub. Filmdə şərti olaraq dörd surət var. Bunlar Ağdam şəhərini tərk etməyən ruhların, Ağdamdan kənarda doğulan uşaqların, doğma yurd-yuvalarına qayıtmaq ümidi ilə yaşayan qocaların, işğal altında olan torpaqlarımızı azad etmək əzmində olan əsgərlərin obrazlarıdır.
Erməni vandallarının vəhşiliklərinin ifşasına, habelə məcburi köçkünlərin yurd həsrətinə və torpağa bağlılığına həsr edilən filmin rejissoru Kəmalə Mirzəyeva, redaktoru İxtiyar Hüseynli, layihə rəhbəri Bəxtiyar Qaracadır. Mətni Əməkdar artist Azad Şükürov səsləndirib.
Film nümayiş olunduqdan sonra tədbir davam etdirilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək, xalqımızın əsrlər boyu formalaşdırdığı milli-mənəvi dəyərlərdən və onun qorunmasından, ölkəmizdə hökm sürən və bütün dünyaya nümunə olan tolerantlıq mühitindən danışıb.

Tədbirdə çıxış edən DQİDK sədri Mübariz Qurbanlı xalqımızın milli-mənəvi dəyərlərindən, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş “Azərbaycançılıq” ideologiyasından, ölkəmizdə ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən bəhs edib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərə qayıdışının sürətləndiyini vurğulayan Komitə sədri deyib ki, əgər dövlət müstəqilliyinin ilk illərində ölkədə 17 məscid var idisə, bu gün onların sayı 2050-yə çatıb. Məscidlərlə yanaşı, kilsə və sinaqoqlar da inşa olunur, təmir edilir. Dini icmalara maddi yardımlar göstərilir.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu dövlət-din siyasətinin bu gün yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdıran M.Qurbanlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın önəmindən də danışıb.

Komitə sədri bu gün dünyada din pərdəsi adı altında aparılan münaqişələrdən bəhs edərkən bildirib ki, əgər orta əsrlərdə müxtəlif dinlər arasında müharibələr aparılırdısa, bu gün İslam dini içərisində münaqişələr gedir. İslam dininin genişlənməsindən narahat olan qüvvələr onun bütövlüyünü pozmağa, parçalamağa çalışırlar. Müxtəlif ölkələrdə İslamı parçalamaq üçün dini cərəyanlar, radikal qruplar yaradılıb. İslam pərdəsi altında fəaliyyət göstərən bu radikal qruplar əslində İslama qarşı yönəldilib.
Ölkəmizdə belə qüvvələrin heç zaman məqsədlərinə çata bilməyəcəklərini vurğulayan Komitə sədri onların qarşısının qətiyyətlə alındığını, dini radikalizmə qarşı qanun çərçivəsində mübarizə aparıldığını deyib. Bildirilib ki, bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir. Bu işdə hüquq mühafizə orqanları ilə yanaşı din xadimləri, müəllimlər də fəal olmalıdırlar. İslam dini gənclərə olduğu kimi izah edilməli, ənənəvi islami dəyərlər qorunmalıdır.

Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev və Elman Məmmədov, rayonun axundu Barat Bağırov və başqaları mövzu ilə bağlı çıxış edib, fikirlərini bildiriblər.
Tədbirdən sonra DQİDK sədri M.Qurbanlı və Milli Məclisin deputatları Xındırıstan kənd məscidində, Çəmənli kəndində Seyid Lazım Ağa ziyarətgahında olub, dindarlarla görüşüblər. Məscid və ziyarətgaha gözdən əlil insanlar üçün brayl əlifbası ilə çap edilmiş “Qurani-Kərim” və digər dini kitablar bağışlanıb.


Teqlər:





Xəbər lenti