Bir qətlin tarixçəsi, yaxud, malı mala qatmayaq

Bir qətlin tarixçəsi, yaxud, malı mala qatmayaq
  13 Avqust 2015    Oxunub:3629
Elvin Abdulqədirov

Şəxsi tanışlığım olmasa belə, jurnalist Rasim Əliyevin ölümü bütün həmkarlarım kimi məni də dərindən kədərləndirdi. Xüsusən də onun sosial şəbəkədə yazdığı statusdan sonra döyülərək öldürülməsi təəsüf doğurmaya bilməz.


Hərçənd ki, hadisə sırf məişət münaqişəsi zəminində baş vermişdi. Bununla belə, insan ölümü kədərlidir. Mərhumun statusunda təhqirin olması ona qarşı barbar hərəkətlərə yol verilməsini şərtləndirmir. Çünki, demokratik və hüquqi dövlətdə yaşayırıq və arada olan anlaşılmamazlığı qarşılıqlı münasibətlər çərçivəsində həll etmək mümkün olmazsa, qanun çərçivəsində həll etmək olardı. Təəssüf, yumşaq dillə desək bəzi özündən razı kəslər özlərinə məxsus şəkildə məsələni həll etməyə çalışaraq, bir gəncin həyatını qaraltdı.

Ancaq, jurnalist Rasim Əliyev hər şeydən öncə Azərbaycan vətəndaşıdır. Etiraf etmək lazımdır ki, onun döyülməsinə səbəb jurnalist fəaliyyəti yox, şəxsi münasibətlər zəminində baş hadisə olub. Ona görə də hamımızı kədərləndirən ölüm üzərində siyasət qurulması qəbul edilməzdir. Xüsusən də ölkə üçün həssas bir dönəmdə, növbəti parlament seçkiləri öncəsi. Bu hadisə ac çaqqal kimi şikar gözləyən xarici dairələrin ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasına səbəb ola bilər. Artıq bunun ilkin əlamətləri özünü göstərir.

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Rasim Əliyevin ölümünü pisləyən bəyanat verib. Orada qeyd edilir ki, Yaqland Rasim Əliyevin qətlindən sarsılıb. Əlavə edilir ki, Azərbaycanda jurnalistlərin təhlükəsizliyi ilə bağlı durumun daha da pisləşməsini göstərən, narahatlıq doğuran əlamətdir. Həmçinin o, Azərbaycan hakimiyyətini bu qətli hərtərəfli və sürətlə araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırır.

Birincisi, cənab Yaqland nəzərə almalıdır ki, jurnalist Rasim Əliyevin ölümü bütün mətbuat nümayəndələrini dərindən sarsıdıb.

İkincisi, hələ ölümün dəqiq səbəbləri, aparılan araşdırmaların nəticələri bəlli olmadan hadisəni qətl adlandırmaq olmaz.

Üçüncü, Rasim Əliyev jurnalist olmaqla yanaşı həm də Azərbaycan vətəndaşıdır və ölümünü sırf mediaya basqı zəminində dəyərləndirmək doğru deyil. Həmçinin nəzərə almaq lazımdır ki, hadisə sırf şəxsi zəmində baş verib.

Nəhayət, dördünücü, cənab Yaqlanddan öncə ölkə başçısı İlham Əliyev bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir. Vurğulayıb ki, bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir.

Bütün bunları nəzərə alaraq demək olar ki, T. Yaqland bizə ağıl dərsi keçməkdənsə, öz məkrli niyyətlərindən əl çəksə, yaxşı olar. Həmçinin də ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunja Mijatovic.

Bununla belə, təəsssüf doğuran bir məsələ də var. Bu da məhz ölkədə özünü müxalifət adlandıran kəsimin Yaqland kimilərinin fikirləri ilə hərəkət etmələridir. Yenə də deyrəm jurnalist ölümü hər kəsi kədərləndirir. Amma, onun ölümü üzərində siyasi oyun quranlar isə nifrət, ikrah hissi yaradır. Diqqət yetirin, Müsavat Partiyası Divanının iclasında belə bir qərar qəbul edilib: `Jurnalist Rasim Əliyevin sosial şəbəkədə yazdığı tənqidi fikirlərə görə döyülərək qətlə yetirilməsi söz azadlığına qarşı dözümsüzlüyün növbəti nümunəsi, ölkədəki qanunsuzluğun, özbaşınalığın nəticəsi kimi dəyərləndirilir. Hakimiyyətdən söz azadlığına qarşı intensiv xarakter daşıyan hücumlara son qoyulması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, jurnalistlərə qarşı törədilən cinayət faktlarının ciddi araşdırılaraq müvafiq tədbirlərin görülməsi tələb edilir`.

Cənab müxalifətçilər, əgər Rasim Əliyev Azərbaycan vətəndaşı kimi eyni zəmində qətlə yetirilsəydi, həmin reaksiyanı verəcəkdiniz? Sosial şəbəkədə status yazmaqla mübahisələrə səbəb olan hadisələri çox eşitmişik. Hətta mübahisələr zamanı yaralananlar da olub. Ancaq, belə məsələlərin Müsavat Divanında müzakirəsi baş tutmayıb. İndiki hadisə sizin əlinizə oynayır deyə hərəkətə keçmisiniz. Bir qədər ədəb edin jurnalist ölümü üzərində siyasət qurmayın. Bu biz media nümayəndələrinə qarşı hörmətsizlikdir. Şəxsən sabah mən eyni aqibətlə qarşılaşsam ölümüm üzərində siyasət qurulmasının tərəfdarı deyiləm. Yəqin ki, Rasim Əliyev də ölümü üzərində siyasi oyunlar çevrilməsini istəməzdi.

Ona görə də, əzizlərim malı mala qatmayaq. Jurnalist ölümündən siyasi oyun çevirənlərdən fərqli olaraq ölkə başçısı hər zaman mətbuata diqqət və qayğısı ilə seçilib. Həm də heç bir mətbuat nümayəndəsinin siyasi baxışına fərq qoymadan. Ona görə dövlət başçısının mətbuata qayğısı fonunda cılız siyasətbazlıqların heç bir faydası olmayacaq.

Bu günlərdə deputat Fəzail Ağamalının köməkçisinin avtomobil qəzasında həlak olub. İndi görəsən Yaqland və onun əlinə oynayan müxalifət bu ölümü də siyasi sifarişli qətl elan edəcəklər? Qəzadan artıq bir neçə gün keçib adı çəkilənlərdən səs çıxmayıb. Bütün bunlar bir daha sübut edir ki, bu adamlar ancaq özlərinə lazım gəldikdə söz və mətbuat azadlığı, insan hüquqlarının pozulması kimi prinsipləri əllərində bayraq edirlər.


Teqlər:  



Xəbər lenti