MSK və Avropa İttifaqı seçki ilə bağlı treninq keçirib

MSK və Avropa İttifaqı seçki ilə bağlı treninq keçirib
  14 Avqust 2015    Oxunub:1461
Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa İttifaqı (Aİ) Bakıda namizədlərin irəli sürülməsi və qeydiyyat prosedurunun daha da gücləndirilməsi ilə əlaqədar treninq keçirib.
AzVision.az xəbər verir ki, treninqdə MSK-nin sədri Məzahir Pənahov, Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Malena Mard, Bakı və Naxçıvanı əhatə edən Dairə Seçki Komissiyalarının rəhbərləri iştirak edib. Trenininqin açılış mərasimində çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, rəhbərlik etdiyi qurum seçki ilə bağlı maarifləndirmə tədbirlərinə böyük diqqət ayırır: “Bununla bağlı MSK seçkidə iştirakla bağlı maarifləndirmə proqramı hazırlanır. 30 mindən artıq MSK, DSK, Məntəqə sseçki komissiyası üzvləri maarifləndirmə proqramında iştirak edəcəklər”.

M. Pənahov qeyd edib ki, bu günki tədbir Bakı və Naxçıvanı əhatə edən Dairə Seçki Komissiyalarının rəhbərlərinin iştirakı ilə keçirilir: “Bunun ardınca ölkənin 4 bölgəsində treninqlər davam etdiriləcək. Bu çox uğurlu bir treninq olacaq. Noyabrda keçiriləcək seçkilər dünyanın diqqət mərkəzindədir və biz də çalışırıq seçkilər çox yüksək səviyyədə keçirilsin”.

Sonra çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib ki, tədbirin keçirilməsi MSK-nın Aİ və ATƏT-lə uzun müddət davam edən əməkdaşlığının nəticəsidir: “MSK bu seminarı Aİ, Avropa Şurası və ATƏT tərəfindən namizədlərin qeydiyyatı barədə verilən tövsiyyələri nəzərə alaraq keçirir. Tədbir qeyd olunan sahələr üzrə inkişafı gücləndirəcək”.

Aİ-nin Azərbaycanda və dünyada keçirilən seçkilərə böyük önəm verdiyini deyən M.Mard bildirib ki, təlim silsilə olaraq Azərbaycanın bölgələrində də davam edəcək.
Tədbir media nümayəndələrinə qapalı davam etdirilib. Tədbirin qapalı hissəsində namizədlərin qeydiyyatı üzrə qanunun tələbləri, namizədliyin irəli sürülməsi prosesi: siyasi partiyalar və siyasi partiyaların blokları, namizədliyin irəli sürülməsi prosesi: seçicilərin təşəbbüs qrupları və öz təşəbbüsü ilə irəli sürülmüş namizədlər, sənədlərin təqdim edilməsi, sənədlərə dair yekun qərarların qəbul olunması məsələləri müzakirə ediləcək.

AzVision.az



Teqlər:  





Xəbər lenti