“Beynəlxalq qurumlar Azərbaycanın ədalət mühakiməsinə qarışır” - Deputat

“Beynəlxalq qurumlar Azərbaycanın ədalət mühakiməsinə qarışır” - Deputat
  14 Avqust 2015    Oxunub:2105
“Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesində elan olunan hökmə beynəlxalq qurumların münasibəti, təzyiqləri Azərbaycanın ədalət mühakiməsinə qarışmaqdır”.
Bu fikirləri AzVision.az - a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.

Ç. Qənizadə vurğulayıb ki, qanun ədalət mühakiməsinin işinə qarışmağa icazə vermir: “Biz məhkəmələrin müstəqilliyini qəbul edirik. Məhkəmələrin işinə müdaxilənin yolverilməzliyi Azərbaycan qanunları ilə təsbit olunubsa, belə adamların bəyanat verməsi onu göstərir ki, onlar həmin adamlara cəza verilməsini arzulayırlar və bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar”.

Belə bəyanatları qəti şəkildə pislədiyini deyən Ç. Qənizadə vurğulayıb ki, növbəti mərhələdə verilən hökmdən Yunusların apelyasiya şikayəti etmə imkanı var:

“Hətta gələcəkdə müəyyən zərərlərin ödənilməsi ilə onların cəzasının yüngülləşdirilməsi məsələsinə baxıla bilər. Onların məhkəmə çəkişməsi hələ bitməyib. Hökm qanuni qüvvəyə minmədən belə bəyanatların verilməsi yolverilməzdir”.

Qeyd edək ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesində hökm elan olunub. Məhkəmənin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Verilən hökmlə bağlı bir sıra beynəlxalq təşkilatlar, rəsmi şəxslər etiraz bəyanatı veriblər.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti