Şura 97 QHT layihəsinə pul ayıracaq
İkinci maliyyə yardımı müsabiqəsinin nəticələri haqqında məruzə ilə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, müsabiqə bu il aprel ayının 16-da elan edilmiş, bu haqda elan, eləcə də müsabiqənin qayda və şərtlərinə aid məlumatlar Şuranın www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az saytlarında yerləşdirilib. Müsabiqə üçün ayrılmış 1 ay müddətində Şuraya yerli QHT-lərdən 169 müraciət daxil olmuş, onlardan 43-nün sənədləri tələb edilən standartlara uyğun olmadığı üçün müsabiqədən kənarlaşdırılmış, 126 layihə təklifi ekspertizaya göndərilərək müvafiq qaydada ekspertlər tərəfindən qiymətləndirilib.
Şura hər bir layihə üzrə ekspert qiymətləndirmələrini və Katibliyin təqdim etdiyi arayışı nəzərə alaraq 97 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edib. Müsabiqə qaliblərinin siyahısı Şuranın www.cssn.gov.az və www.qhtxeber.az saytlarında yerləşdiriləcək.
İclasda Sahib Məmmədovun sədrliyi ilə apelyasiya komissiyasının tərkibi müəyyən edilib. Apelyasiya komissiyasında ərizələr 21 avqust 2015-ci il saat 18:00-dək qəbul ediləcək.
Qanunvericiliyin yeni tələbləri ilə bağlı QHT-lərin layihə sənədləşmələrində yol verdiyi nöqsanların aradan qaldırılmasına kömək məqsədilə Şuranın QHT rəhbərləri üçün təlimlər təşkil etməsi məsələsi də müzakirə olundu və bu işin təşkili Katibliyə tapşırıldı.
İclasda gündəlikdəki digər məsələlərlə əlaqədar müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


