Gənclər Düşərgəsi təşkil olunacaq

Gənclər Düşərgəsi təşkil olunacaq
  15 Avqust 2015    Oxunub:1850
Beynəlxalq Dağçılıq Federasiyası Azərbaycanda Beynəlxalq Gənclər Düşərgəsinin təşkili barədə qərar verib.
Bu barədə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən AzVision.az - a verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, FAİREX Beynəlxalq Dağçılıq Federasiyası (UİAA) ilə birgə Azərbaycanda avqustun 16-23-də Beynəlxalq Gənclər Düşərgəsi təşkil edəcək.

Marşrutqurma və bələdçilik üzrə təşkil olunması planlaşdırılan Beynəlxalq Gənclər Düşərgəsi Qusarın Ləzə kəndində qurulacaq.

İdman qayayadırmanması sahəsində müəyyən təcrübəsi olan 50 nəfər yerli və xarici idmançı 1 həftə ərzində beynəlxalq səviyyəli təlimçilər tərəfindən idman dırmanması marşrutlarının təşkili, habelə dağ turizmi sahəsində vacib istiqamətlərdən olan professional bələdçilik üçün zəruri bilik və bacarıqlara yiyələnəcək.

Eyni zamanda, iştirakçılar Azərbycanın təbiət gözəllikləri, ölkənin dağçılıq turizminin inkişafı perspektivləri və mövcud potensialı ilə yerində, əyani tanış olmaq imkanı qazanacaq. Gürcüstan, İran, Türkmənistan, Macarıstan, Türkiyə, Dağıstan və Azərbaycandan olan düşərgə iştirakçıları üçün təlimlər Türk Dağçılıq Federasiyasının beynəlxalq standartlı təlimçiləri tərəfindən keçiriləcək.

Bu tədbirlə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının üzvləri, dağ idman növlərinə marağı olan gənclər Beynəlxalq Düşərgədə aktiv iştirak etməklə ölkədə qısa zamanda geniş yayılaraq populyarlaşan dağçılıq idmanının inkişafına töhfələrini vermiş olacaq.

Qeyd edək ki, tədbirdə Ümümdünya Dağçılıq Federasiyasının vitse prezidenti Piter Farkasın iştirakı da gözlənilir.


Teqlər:





Xəbər lenti