7 N-li palata

7 N-li palata
  31 Yanvar 2013    Oxunub:1105
Turanə Altunay

Çexovun “6 N-li palata”sından yola çıxsaq, görəsən, nə qədər İvan Dmitriç var bizim ölkədə, düşündünüzmü heç? Mən birini tanıyırdım...
Tibbi təhsili olmayan sıravi oxucuya Andrey Yefimiçin iyirmi il boyu bu xəstələr barədə heç düşünməməsi, İvan Dmitriçin nələr çəkdiyini anlamaması, buna heç təşəbbüs belə göstərməməsi pis təsir edir və düşünür ki, Andrey Yefımiç bəlkə də, layiqli cəzasını aldı. Amma mən elə olmadığı düşüncəsindəyəm.
Məsələ düşündüyümüzdən daha qəlizdir və psixiatrlarda bir növ özünüqoruma instinkti güclü inkişaf etməsəydi, cəmiyyətdə bu sənətlə məşğul olan sağlam insan tapmaq olmazdı. Yuxarıda qeyd etdiyim kimi, şəxsi praktikamdan bir şey danışım:

Deməli, tibb oxuyanların əksəriyyəti mənimlə razılaşar ki, altı il boyu keçdiyimiz çoxsaylı dərslər - kurasiyalar içərisində Psixiatriya fənni tələbələr tərəfindən xüsusi həvəslə gözlənən, sevilən və maraqla oxunan fənndir. Bizim Psixiatriya lektorumuz qayıb yazmadığı halda bir tələbə də onun mühazirəsindən qaçmırdı. Halbuki bunu başqa mühazirəçilər etsəydi, içi mən qarışıq “patok”un ən yaxşı halda yarısı mühazirədə iştirak etməzdi. Bunun obyektiv və subyektiv səbəbləri haqqında yazıb, fikrinizi əsas məsələdən yayındırmaq istəmirəm. Bu qalsın növbəti yazılara. Demək, leksiyalardan sonra kurasiyalar, yəni praktika dərsləri başlayırdı və biz hələ semestrin əvvəllərində əldə etdiyimiz cədvəl əsasında “Psixiatriya” kurasiyasının nə vaxt başlayacağını dərhal axtarıb tapır, günləri saymağa başlayırdıq. Ruhi dispanser, müəllimimiz, “Psixiatriya” kitabının özü, mətni, tərkibi o qədər maraqlı idi ki, cəmi iki həftə davam edəcək olan bu kurasiyanı semestrin qızıl günləri elan edirdik. Bundan əvvəlki cümlələrdən hiss etdiyiniz kimi, Psixiatriya mənim də xüsusi maraq dairəmdə idi.

Di gəl, həvəslə gözlədiyim kurasiya zamanı gəlib çıxdı və düşündüyümün tam əksinə, kurasiyalarda axıra qədər iştirak edə bilmədim. Bunun səbəbi Çexovun İvan Dmitriçinin prototipi ilə tanışlığım oldu. O müəllimimizlə mövzunun müzakirəsi və yeni mövzunun izahı ilə keçən dərs gününün birinci yarısından sonra xəstələrlə görüşür, onlardan anamnez toplayırdıq. İşin maraqlı tərəfi də bu idi – kitabdan oxuyub öyrəndiklərini bir də real görmək, qeydlər aparmaq, “a, bu əlamətin adı budur və xəstədə əgər filan xəstəliyin dörd əlaməti varsa, demək diaqnoz da filan olmalıdır”. Psixiatriyada bunu yalnız söhbət, anamnestik sorğu ilə müəyyən edə bilirsən. Odur ki xəstə ilə danışmaq lazımdır.
Mənim həmsöhbətim dəmir barmaqlıqlarla əhatələnmiş palatada oturmuşdu. Vəziyyəti ilk baxışda stabil, sakit görünürdü. Onunla salamlaşdıqdan sonra oturdum, əlimdəki dəftərdə qeydlər aparmaq istəyirdim. Çox sadə adam idi. Hətta gündəlik ictimai nəqliyyatda da bu cür mədəni adamlara rast gəlmək olmur. Üst-başı, saçları, geyimi çox səliqəli, hərəkətləri dəqiq və elə sərrast idi ki, bu görkəmiylə onu hər hansı bir yerdə görsən, psixi xəstə olduğundan zərrə qədər də şübhə etməzdin. İlk görüşdə özümü bir qədər qəribə hiss edirdim, sonradan isə bu qəribəlik daha da artdı. Həmsöhbətim olan bu yaraşıqlı, ucaboy gənclə söhbətə elə başlamaq istəyirdim ki, məni özünə dost hesab etsin və danışmağa həvəslənsin. Əks halda, hirslənib məni qova, ağzına gələni deyə bilərdi. Elə olmadı – o danışmağa başladı, mən də dinləməyə. Yalnız sonradan fərqinə vardım ki, psixiatrik xəstə ilə işləyərkən psixiatr qətiyyən unutmamalıdır.

Olduğu ən önəmli məqamı unutmuşdum – ona həkim kimi deyil, insan kimi yanaşırdım, empatiya hiss edirdim. Bu cür yanaşma somatik xəstəliklərlə məşğul olan həkimlər üçün nə qədər önəmlidirsə, psixiatrik xəstələrlə işləyən həkimlər üçün o qədər təhlükəlidir. Gərək öz reallığından bir anlıq da uzaqlaşıb xəstənin reallığına girməyəsən. Onun kimi düşünməyə və ya onun düşündüklərini onun kimi analiz etməyə cəhd etməyə başladınsa, artıq sən də təhlükədəsən. Həmsöhbətim olduqca intellektual, rusca və azərbaycanca səlis danışan, qurduğu bütün cümlələr xüsusi bədiiliyi ilə seçilən biri idi. Onu saatlarca dinləmək olardı. Ən çox siyasətdən danışırdı. Dünya siyasətindən tutmuş, yerli məmurlara qədər – tənqid edirdi, analiz edirdi. Amma həm də qorxurdu - təqib edildiyini, onun dövlət üçün əhəmiyyətli şəxs olduğunu, onu öldürə bilmədiklərinə görə iynə vurub psixikasını pozduqlarını, izlədiklərini deyirdi. Arabir istehza edirdi - ona burada da yaxşı olduğunu, bununla heç bir şey əldə edə bilməyəcəklərini vurğulayır, mənə danışdıqlarının aramızda qalmasını istəyir, həkimin də “onlar”ın adamı olduğunu düşünür, ehtiyat edirdi. Amma onda təfəkkürün qırıqlığı, ciddi fobiya, gözlərində xəstə parıltı, nitqində həyəcan və təşviş vardı. Xəstə idi, amma belə birinin xəstə olmasına acımamaq, üzülməmək olmurdu. Belə xəstəyə empatiya göstərməmək göstərməkdən daha çətin olur.
Onunla ünsiyyətdən sonra dedikləri üzərində düşünməyə başlamışdım. Psixi xəstələrlə ünsiyyətdə induksiya hadisəsinin baş verə bildiyi haqqında oxumuşdum. Bu o deməkdir ki, psixi xəstə ilə uzun müddətli ünsiyyət tam sağlam adamda xəstəlik əlamətlərinin əmələ gəlməsinə gətirib çıxara bilər. Odur ki, ehtiyatı əldən vermək olmaz. Amma məni düşündürən və narahat edən induksiyanın başvermə ehtimalı deyil, bu gənc oğlanın timsalında başqa “İvan Dmitriçlər”in olması, onlarda bu cür psixi pozuntuya yol açan səbəblər, sosial, ictimai faktorlar, genetik determinasiya, psixoloji labillik kimi nüanslar idi. Onu anlamışdım ki, psixikanın pozulması, “ağıllılıq”la “dəlilik” arasındakı baryer o qədər incə, o qədər yaxındır ki, xətti aşmaqdan, birindən digərinə keçməkdən, bu dəmir barmaqlıqlarla əhatə olunmuş psixi xəstəxanaya yolunun düşməsindən heç kim sığortalanmayıb. Beynimizin sərhədləri və ya sərhədsizliyi o qədər geniş, o qədər böyükdür ki, itib-batmaq, azmaq mümkündür. Sadəcə bu sərhədləri zorlayanda, psixi imkanlarını istismar edəndə nəzarəti əldən verməmək lazımdır. Qadını şizofreniyadan əziyyət çəkən H.Hesse “Yalquzaq” adlı roman ortaya çıxarmışdı və “dəliliyi” estetik formada sonatanın dördüncü hissəsi kimi romana köçürərək ifa edə bilmişdi. Həyatındakı çətinlik yaradıcılığına töhfə vermişdi. Bu da bir misaldır və bəlkə də, hər bir yaradıcılıqda bir qədər “dağıdıcılıq”, “dəlilik” var. Normanı müəyyən edən əslində fərdlərdir, kitablar, dərsliklər deyil.

Mənim bu təcrübədən çıxardığım bir nəticə vardı və sizinlə bölüşmək istədiyim də bu idi ki, psixi gigiyena ən azı şəxsi gigiyena qədər önəmlidir. Çirklənmiş əlləri yumadan süfrəyə oturmağın düzgün olmadığı kimi, “çirkli”, ruhunuzu incidən fikirlərdən qurtulmadan da sağlam yaşamaq olmur. Hər kəs öz sağlamlığının sərhədlərini istənilən həkimdən daha yaxşı bilir. Düşüncələrin emosional sferaya şiddətli təsirini nəzarətdə saxlayıb, psixikamızı qorumalı və sağlam cəmiyyət naminə başqa insanlara münasibətdə, onlarla ünsiyyətdə də psixi labillik ehtimallarını nəzərə almalıyıq.

Bəlkə, bununla “İvan Dmitriç”lərdən biri olmaqdan qoruna bildik...


Teqlər:  





Xəbər lenti