Gürcü səfir Ermənistandakı azərbaycanlıya görə söz verdi
ANS PRESS-in verdiyi məlumata görə, QAT-ın sədri Akif Nağı aksiyanın başlamsına 1 saat qalmış Nərimanov polis idarəsinə aparılıb. İdarənin rəisi İsmayıl Əsədov onunla söhbət edərək bu aksiyanın icazəsiz olduğunu bildirib.
Təşkilat sədrinin saxlanılmasına baxmayaraq QAT üzvləri aksiyanı davam etdirib. Polis qüvvələri aksiya iştirakçılarının qarşısını səfirliyin yaxınlığında kəsib. Nümayişçilər “Turqay Mikayılovu erməni əsirliyindən qaytarın!”, “Azərbaycan- Gürcüstan dostluğuna qarşı erməni təxribatlarına son qoyun!”, “Azərbaycanlılara qarşı erməni təxribatlarını dayandırın" yazılan plakatları və Azərbaycan bayraqlarını qaldırıblar. Aksiya iştirakçılarından Sevinc Axundova aksiyanın qətnaməsini oxuyub.
Səfir Teymuraz Şaraşenidze iştirakçılardan Fəridə Əsgərova və Nəsib Cəfərovu qəbul edib. Onlar aksiyanın qətnaməsini səfirə təqdim ediblər.
Səfir ermənilərin girov götürdüyü azərbaycanlı ilə bağlı məsələlərə diqqətlə yanaşdıqlarını və nəzərə alacaqlarını bildirib. Daha sonra aksiya bitib.
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Faxralı kənd sakini 1980-ci il təvəllüdlü Turqay Lətif oğlu Mikayılov ərazidə qoyun otararkən siqaret almaq üçün dağdan enib və yolu azaraq Ermənistanın Cücə kəndinə keçib.
Turqay artıq 26 gündür ki, Ermənistanda həbsxanada saxlanılır.







Vaxtında, Aydın, Lazımlı!


