`AXCP Əli Kərimli tərəfindən qəsb edilib` - Razi Nurullayev

`AXCP Əli Kərimli tərəfindən qəsb edilib` - Razi Nurullayev
  19 Avqust 2015    Oxunub:10410
Ya Əli Kərimli partiya sədrliyindən getməlidir ya da biz Ədliyyə Nazirliyinə müraciət edib hüquqi təmsilçilik üzərində mübarizə aparacayıq.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini Razi Nurullayev yeni AXCP yaratdığını bəyan edib. AzVision.az verdiyi məlumata görə, o, qeyd edib ki, Əli Kərimlinin sədri olduğu AXCP-dən kənarlaşdırılan partiya üzvləri mənəvi müstəvidə mübarizə aparacaq:



“Biz əsl AXCP-ni bərpa edəcəyik. AXCP adına iddia edirik. Artıq partiyada olan şəxslərlə danışıqlar aparmışıq, onların əksəriyyəti bizə dəstək verir. Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və alternativ fikrin rədd edilməsi, üzvlərin təzyiqə məruz qalması, partiya sıralarından ləkələnərək uzaqlaşdrılmasına etiraz əlaməti olaraq bir mübarizəyə başlanılır.

Bizi zor gücünə partiyadan uzaqlaşdırmaq və bir şəxsin əsassız ambisiyalarının qurbanı etmək olmaz. Çünki. biz bu partiya və bu amal üçün bütün şüurlu həyatımızı həsr etmiş və cəbhəçi kimi ən ağır məhrumiyyətlərə düçar olmuşuq. Vətəni, milləti sevmək kimi şərəfli bir həyat yolu keçən cəbhəçiləri indi kimsə öz şəxsi maraqlarını həyata keçirmək üçün müxtəlif yollarla partiyadan xaric edir. Həmin şəxslər haqsız və alçaqcasına ləkələnir. Onların təmannasız və fədakar mübarizə yollarına kölgə salınır.



Artıq bütün bu rəzalətə dözmək və bunları sadəcə müşahidə etmək mümkün deyil. Buna imkan vermək də onların dəyirmanına su tökməkdir. Son çıxış yolumuz, bir nəfərə qulluq edən AXCP-ni əsl və səmimi sahiblərinə qaytarmaqdır”.

R.Nurullayev vurğulayıb ki, belə bir addımın atılmasında məqsəd Azərbaycan Xalq Cəbhəsi Partiyasını sağlamlaşdırmaq və orada daxili demokratiyanı bərpa etmək, oradan qanunsuz və əsassız qovulanların və ləkələnənlərin hüquqlarını bərpa edib partiyaya qaytarmaqdır:

“Bizim partiyanı parçalamaq istəyimiz yox idi. Biz adımızı dəyişdirib onlarla partiyanın sıralarına qoşulmaq istəmədik. AXCP var, sadəcə o qəsb edilib. İdarəetmədən narazı olanlar və etiraz edənlər zorakı şəkildə oradan uzaqlaşdırılır. Elan etdiyimiz Azərbaycan Xalq Cəbhəsi Partiyası qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməyəcək. Çünki, biz düşünürük ki, bu ümummüxalifətin mənafeyinə zidd hərəkət olar. Biz çıxış yolunu da irəli sürürük. Birincisi, qoy bütün cəbhəçilər aparılan siyasətə etiraz olaraq burada elan etdiyimiz Azərbaycan Xalq Cəbhəsi Partiyasında birləşsinlər”.

Razi Nurullayev həmçinin bir müddət öncə elan etdiyi “Yeni Demokratiya” adlı hərəkatın taleyinə də aydınlıq gətirib.

: “Hərəkat yaradılması ilə bağlı danışıqlar apardım, amma insanları bunun perspektivinə inandıra bilmədim. Dedilər ki, ölkədə xeyli hərəkat və partiya var, yeni yaradılan təşkilat effekt verməyəcək”.

AXCP-nin təşkilat komitəsinin sabiq müdiri Rafiq Daşdəmirli də Əli Kərimlinin rəhbərlik etdiyi partiyadan istefa verdiyini, gələcək fəaliyyətini də R.Nurullayevin elan etdiyi partiyada davam etdirəcəyini qeyd edib.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti