Mübariz Qurbanlı İlham Zəkiyevə Quran verdi

Mübariz Qurbanlı İlham Zəkiyevə Quran verdi
  19 Avqust 2015    Oxunub:2065
İlham Zəkiyevə brayl əlifbası ilə çap edilmiş “Qurani-Kərim” təqdim edilib.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın paralimpiyaçı cüdoçusu, ikiqat Paralimpiya, beşqat Avropa və dünya çempionu, I Avropa Oyunlarının qızıl medalçısı İlham Zəkiyevlə görüşüb. Komitədən AzVision.az-a verilən məlumata görə, ölkəmizdə keçirilən I Avropa Oyunlarının xalqımız üçün qürurverici hadisə olduğunu, Azərbaycanın sözün həqiqi mənasında Avropa Oyunlarının standartlarını müəyyənləşdirdiyini deyən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mötəbər yarışla bir daha dünyaya gücümüzü göstərdiyimizi bildirib.

İdmana diqqət və qayğının dövlət siyasəti olduğunu deyən Komitə sədri İlham Əliyevin idmanın maddi-texniki bazasının gücləndirilməsi, eləcə də idmançıların dövlətin xüsusi qayğısı ilə əhatə olunmaları, istedadlı idmançıların potensial imkanlarının inkişafı üçün daima geniş imkanlar yaratdığını bildirib.

Mübariz Qurbanlı qeyd edib ki, İlham Zəkiyevin həm döyüşçü, həm də idmançı kimi keçdiyi şərəfli yol hər bir gənc üçün nümunə və qürur mənbəyidir.

Dövlət Komitəsinin sədri İlham Zəkiyevə Prezidenti İlham Əliyevin göstərişinə əsasən dini kitabların çapı üçün ayrılmış vəsait hesabına Azərbaycanda ilk dəfə gözdən əlil insanlar üçün brayl əlifbası ilə nəşr edilən “Qurani-Kərim” hədiyyə edib və idmançıya 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarında uğurlar arzulayıb.

İlham Zəkiyev diqqətə və hədiyyəyə görə təşəkkürünü bildirib. O, qeyd edib ki, brayl əlifbası ilə nəşr olunmuş Qurani-Kərim onun aldığı ən qiymətli hədiyyələrdən biridir. İlham Zəkiyev növbəti Olimpiya Oyunlarına hazırlaşdığını və Azərbaycan bayrağını ucaltmaqdan şərəf duyduğunu deyib.


AzVision.az


Teqlər:



Xəbər lenti