`Siyasi partiyalara bərabər şərait yaradılmalıdır` - Zeynal Nağdəliyev

`Siyasi partiyalara bərabər şərait yaradılmalıdır` - Zeynal Nağdəliyev
  21 Avqust 2015    Oxunub:2744
`Bu sahədə zərrə qədər nöqsan ölkənin imicinə xələl gətirə bilər`.

`Azərbaycanda bütün sahələrdə uğurlu islahatlar həyata keçirilir və bunlar ölkəmizin keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradıb`. AzVision.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları il iş şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib.

Onun sözlərinə görə, son seçkilər idarə və aşağı seçki komissiyalarının fəaliyyətlərini yüksək səviyyədə qurduğunu göstərdi:

`Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində insanların həyat şəraiti yaxşılaşıb və insanlar bu şəraiti, uğurları itirmək istəmirlər. Sabah daha yaxşı olmalıdır və insanlar bunun üçün səs verirlər. Bizim də məqsədimiz odur ki, səsvermədə qanun pozuntusuna yol verilməməsini təmin edək. Prezidentin tələbi odur ki, seçkilərdə şəffaflıq təmin olunsun. Seçkilərdə bütün siyasi partiyalara bərabər şərait yaradılmalıdır. Dairənin hər birində təbliğat və təşviqat üçün açıq və qapalı yerlər var. Olmayan dairələrdə də təbliğat və təşviqat üçün belə yerlər ayrılacaq`.

Seçki siyahılarının dəqiqləşməsi sahəsində böyük iş görüldüyünü vurğulayan PA rəsmisi seçkilərin yüksək səviyyədə keçməsi üçün dairə və məntəqə seçki komissiyaları üçün ideal şərait yaradılmasına çalışıldığını vurğulayıb:

`Bizim seçici siyahıları bir çox ölkə üçün nümunədir. Hər bir vətəndaşın seçki hüququnun reallaşdırılması üçün şərait yaradılır. Seçki siyahılarının dəqiqləşməsi sahəsində iş hər gün davam etməli, mütləq seçki siyahıları ideal olmalıdır. Mən seçki məntəqələrində veb-kameraların quraşdırılmasını da xüsusi qeyd etmək istəyirəm. Veb-kameralar seçkilərin şəffaf keçirildiyini göstərmək üçündür.

Ötən müzakirələrlə müqayisədə növbəti müzakirələrimiz daha yaxşı keçir, çünki fəaliyyət daha yüksək səviyyədə qurulur. Üç prezident, parlament və bələdiyyə seçkiləri seçki komissiyalarının yüksək peşəkarlığını göstərir. Hər bir şey etməliyik ki, bu sınaqdan da üzüağ çıxaq. Seçkidə xırda məsələ yoxdur, xırda olsa da, fəsadı böyükdür. Bu sahədə toz, zərrə qədər nöqsan ölkənin imicinə xələl gətirə bilər`.

AzVision.az


Teqlər:  





Xəbər lenti