“Razılaşdırılmamış tədbirlər keçirilərsə...” - DİN-dən xəbərdarlıq

 “Razılaşdırılmamış tədbirlər keçirilərsə...” - DİN-dən xəbərdarlıq
  21 Avqust 2015    Oxunub:1854
`Polis seçki komissiyaları ilə birgə seçkinin yüksək səviyyədə təşkil edilməsinə çalışacaq`.


“Daxili İşlər Nazirliyi parlament seçkisində təhlükəsizliyin təmin olunması üçün xüsusi tədbirlər planı hazırlayıb”. AzVision.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oruc Zalov söyləyib. Onun sözlərinə görə, burada seçkinin gedişinə əsassız müdaxilələrin qarşısının alınması, səsvermə hüququ olan vətəndaşların hüquqlarının təmin edilməsi nəzərdə tutulub.

Polis dinindən, irqindən asılı olmayaraq hər bir vətəndaşın hüququnu qorumalıdır deyən O. Zalov vətəndaşların seçkidə iştirakının təmin edilməsi üçün şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı prosesin oktyabr ayının sonuna qədər yekunlaşdırılmasının nəzərdə tutulduğunu və səyyar “ASAN” xidmətlə hazırda yerlərdə bu sahədə işlərin görüldüyünü bildirib.
Nazir müavini qeyd edib ki, deputatlığa namizədlərin görüşlərində təhlükəsizlik tam təmin olunacaq və onların seçki kampaniyası aparması üçün tam təhlükəsiz şəraiti yaradılacaq:

“Sadəcə, yerli icra orqanları və seçki komissiyaları bu görüşlər barədə əvvəlcədən məlumatlandırılmalıdır ki, polis həmin görüşlər zamanı təhlükəsizliyi təmin etsin. Ancaq razılaşdırılmamış yerlərdə tədbirlər keçirilərsə, qanuna zidd şüarlar səsləndirilərsə, polis bütün gücü ilə bu halların qarşısını alacaq. Azərbaycanda yaradılmış ictimai-siyasi sabitlik imkan verir ki, əvvəlki seçkilər kimi bu seçkiləri də yüksək səviyyədə keçirək, seçilənin və seçənin hüquqlarını qoruyaq.

Polis seçki komissiyaları ilə birgə seçkinin yüksək səviyyədə təşkil edilməsinə çalışacaq. Seçki keçirilən gün gücləndirilmiş mühafizə təşkil olunacaq, bülletenlərin məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına çatdırılması üçün polis sərəncamınızda olacaq”.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti