Ekstrim istəyirsiniz? Gedin tullanın! - Paraşütçülərlə müsahibə

Ekstrim istəyirsiniz? Gedin tullanın! - Paraşütçülərlə müsahibə
  24 Avqust 2015    Oxunub:10237
AzVision.az daim ekstremal idman növləri haqqında maraqlı materiallar təqdim edir. Budəfəki müsahibəmiz isə paraşütçülərdən bəhs edir. Həmsöhbətlərimiz `Gilavar` idman klubunun üzvüləri, paraşütçü Aysel Sultanova və Babur Hüseynovdur. Aysel xarici şirkətlərdən birində satış kordinatoru, Babur isə İnteraz TV-nin Xəbərlər departamentində redaktor kimi çalışır. Ancaq onlar həyatlarına ekstrim idmanla məşğul olmaqla rəng qatırlar.

- Paraşütə bu qədər maraq hardan qaynaqlanır ?


Babur : -Marağın hardan gəldiyini dəqiq bilmirəm. Bənzətmə ilə desək, bu, bir rəssamın hansısa mənzərəni görən kimi çəkməsinə oxşayır. Halbu ki, o özü də niyə məhz o an həmin mənzərəni çəkdiyini bilmir. İlk təssüratımı deməyə sözlərin belə gücü çatmaz. Hisslər kataloqunda nə varsa, hamısını təyyarədən çıxandan yerə düşənə kimi yaşadım.

Aysel : - Uşaqlıqda ekstrim idman növləri haqqında verilişlərə baxırdım. Ekstrimə, həmçinin paraşütlə tullanmağa olan sevgim o zamandan yaranıb.



- İlk dəfə nə zaman paraşütlə tullandınız?

Babur : - İlk dəfə çox yaxşı yadımdadır. Qrup yoldaşım, həm də yaxın dotum Rəsmiyyə Babayeva paraşütlə tullanmağa gedəcəyini dedi və mənə də təklif etdi. Fikirləşmədən razılıq verdim. Bəzi şeylər haqqında fikirləşib qərar verirsənsə, demək ki, gecikmisən.

Aysel:- İlk tullanışım bu ilin mart ayına təsadüf etdi. Ona görə də bu tullanışı özümə 8 mart hədiyyəsi etdim. Ömrümdə ən gözəl hədiyyə oldu, özümü, bütün varlığımı, həyata baxışlarımı dəyişdirdi. Havada olarkən tapdığım hüzur və hormoniya varlığımda dərin iz buraxdı.

- Əvvəlcədən paraşütün növləri, onların idarə olunması, təhlükəsizliyi və s. ilə bağlı hər hansısa məlumatınız var idimi?



Babur : - Açığını desəm, yox. Bir onu bilirdim ki, əsas və ehtiyyat paraşütləri olur. Bu məsələdə ilk tullanışımızı təşkil edən Nuranə Nəbiyevaya, Balakən Aviasiya Mərkəzində təcrübəli və hörmət etdiyim təlimatçı, bütün incəlikləri öyrədən Rəsul və Məhəmməd müəllimə, etibarlı pilotumuz Məhəddin müəllimə təşəkkür edirəm.

Aysel :- İlkin məlumatları tullanışdan öncə təlimdə öyrəndim. Ancaq qorxu və həyəcan məni o qədər bürümüşdü ki, təlimdə öyrəndiklərimin 90%-ni unutmuşdum.

- Əsasən hansı növ paraşütlərdən isifadə edirsiniz?

Aysel : Balakən Aviasiya mərkəzində ixtiyarımıza verilən iki növ desant kupol paraşütü var, D6 və D1-5u. İndiyə kimi 5 tullanışım olub – ilk tullanışı D6 ilə, qalan 4 tullanışı isə D1-5u ilə etmişəm. Bir də əlbəttə , yaylı ehtiyat paraşütü var.

- İstifadə etdiyiniz paraşütlər dünya standartlarına uyğun gəlirmi?

Babur:- Fikrimcə, bəli. Bu, əslində mütəxəssislərin cavablandıracağı sualdı. Çünki özümə mütəxəssis deyə bilmərəm. Amma belə fikirləsirəm ki, paraşütlərimiz olduqca etibarlı və təhlükəsizdir. Səbəb isə odur ki, paraşütlərin açılma və idaretmə mexanizmi olduqca sadədir. Sadəlik isə uzunömürlülüyün və təhlükəsizliyin zəmanətidir.



- Bildyimə görə, Balakənə ayda iki dəfə qruplarla birlikdə gedib tullanırsınız. İnsanların bu ekstrim idmana marağı necədir. Onları toplmaq, bir araya gətirmək sizə çətin olmur ki? Bu işdə əsaən hansı problemlərlə qarşılaşırsınız?

Babur:- Fikrimcə, ölkəmizdə bu ekstrim idman növünə maraq digər ekstrim idmanlarda olduğu kimi olduqca aşağıdır. İlk öncə cəmiyyətdə məlumatsızlıq var. “Paraşüt”lə “ölüm” sözünü sinonim kimi işlədirlər. Soruşurlar sağ qalmağa zəmanət verirsinizmi? Deyirəm bəli, 99% zəmanət verirəm. Deyirlər yox, bizə 100% faizlik zəmanət lazımdır. Deyirəm hətta həyatın özündə belə 100%-lik sığorta yoxdur. Yolda başımıza kərpic düşəndə də ölə bilərik, hamamda sürüşəndə də. Ekstrim idmanın fərqli cəhəti də elə budur. Cəsarət və iradə tələb edir.

İnsanları bu ekstrim idman növünə cəlb etməkdə əsas çətinliklərdən biri də, maddiyatdır. 80 AZN + 20AZN yol pulu hər kəsin cibinə görə deyil, razıyam. Amma inanın ki, bizim cəmiyyətdə mənasız və ziyanlı əyləncələrə ayda nəinki 100, hətta 500 manat pul xərcləyirlər. Qısası onu deyim ki, kim qorxursa, ekstrim onlar üçün deyil. İsti çarpayıda yatıb, zoğallı çay içmək daha yaxşıdır onlar üçün.



Aysel :- Əsl çətinlik real iştirakçıları toplamaqdır. İnsanların istəyinin ciddi olub- olmadığını müəyyənləşdirincə çox böyük əziyyət çəkirik. Elələri olur ki, ən son anda fikirlərinin dəyişdiyini deyir və bu qurup rəhbəri kimi ən çox məni, eyni zamanda qurupa yazılan digər insanları məyus edir. Çünki belə insanların məsuliyyətsiz yanaşması nəticəsində tullanışlar baş tutmaya bilər. Mən bütün iştirakçılardan verdikləri qərarlarda daha məsuliyyətli olmalarını xahiş edirəm.

- Heç olurmu ki, bir dəfə paraşütlə tullanandan sonra bəyənib, bir neçə dəfə iştirak etsinlər?

Aysel : Bəli, tez-tez olur. Çünki elə insanlar keçirdikləri hisslərin necə dəyərli olduqlarını anlayırlar. Onlar tullanış edib selfie çəkdirmək üçün gələnlərin sırasında deyil, uçuşun və əsl azadlığın dadını başa düşənlərdir.



- Gələcək planlarınız nədir. Daha hansı yüksəkliklərdə uçmaq, hansı növ paraşütlərdən istifadə etmək istəyirsiniz? Davam etdirib təhsil almaq, professional şəkildə çalışmaq istərdinizmi?



Babur:-Hazırda əsas planım desant paraşütləri ilə tullanış sayını artırmaqdır. Hər bir tullanış saysız-hesabsız təcrübə deməkdir. Ən hündür tullanış yüksəkliyim 1500 metr olub. Növbəti hədəf 1700 və 2000-dir. Ən başlıca məqsəd isə 20-30 tullanışdan sonra freefall, hardasa 50 tullanışdan sonra isə sport paraşütləri ilə tullanmaqdır. Gələcək planda bunlardan sonra wingsuit-dir.Əlbətdə bu sahə üzrə təhsil də almaq istəyirəm. Darıxdırıcı həyatda sevdiyin işlə məşğul olmaqdan yaxşı nə var?

Aysel:- Bu sahə üzrə bir çox məqsədlərim var. Onlardan ən əsası ekstrimal idman növləri üzrə professional idmançı olmaq və bu aktiv enerji dolu həyat təzini təbliğ etmək. Təhsil və inkişaf üzrə müəyyən planlarım var. Hələlik sirr olaraq qalsın.



Məşğul olduğunuz başqa növ idman varmı? Paralel davam etdirmək çətin deyil ki?

Babur: Professional məşğul olduğum idman növü yoxdur. Amma üzməyi sevirəm və müntəzəm də olmasa arada məşğul oluram. Paralel davam etmək, daha doğrusu təkmilləşdirmək istədiyim ekstrim idman növlərindən biri də, alpinizm və qayaya dırmanmadır. Yaxın gələcəkdə bunların üzərində də daha çox çalışacağam.

Aysel : Paraplan məşqlərinə vaxtım olduqca gedirəm. Planlarımdan biri də paraplan uçuşlarına başlamaqdır. Bundan elavə zirvə turları, dağçılıq məni çox maraqlandırır. Amma hamısına zaman lazımdır. Karyera ilə bərabər inkişaf etdirmək elə də asan deyil.

- Gilavar klubunun gələcəkdə bu kimi daha hansı layihələri və ya turları ilə tanış ola bilərik?



- Aysel :- Biz “Gilavar” klubu olaraq bir neçə ekstrim idman növünün inkişafı üzrə işləyirik. Bura paraşüt, paraplan, dağadırmanma, alpinizm, dayvinq, kiteserfing daxildir. Klubumuz yeni olduğundan hələ fəaliyyətimiz tam olaraq başlamayıb, amma böyük və maraqli proyektlerimiz var, bizi izleyin

Babur:- Gilavar klubu əslində kiçik və yalnız yaxın dost-tanış ətrafı üçün təşkil edilmiş klublar səviyyəsindən çıxmağı və daha geniş şəkildə inkişaf etməyi qarşısına məqsəd qoymuş klubdur. Əsas məqsədlərdən biri də, ekstrim idmanın cəmiyyətimizdə yayılması, təbliğ edilməsi və ekstrim həvəskarlarının özlərini inkişaf etdirməsi üçün hər bir şəraitin təşkil edilməsidir. Biz birlikdə nə isə edə bilərik, təklikdə yox.

Şahanə RƏHİMLİ
AzVision.az




Teqlər:  



Xəbər lenti