Heydər Əliyev Fondu uşaqları sevindirdi

Heydər Əliyev Fondu uşaqları sevindirdi
  27 Avqust 2015    Oxunub:1516
Avqustun 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri üçün növbəti şənlik təşkil olunub.
AzVision.az Fondun saytına istinadən xəbər verir ki, şənlik Nizami rayonundakı 1, Xətai rayonundakı 3, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərindən və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzindən 200-dək uşağı bir araya gətirib. Xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşılayıblar. Şənlik çərçivəsində uşaqlar yay günlərinin xoş ovqatını və qayğısız anlarını yaşayıblar.

Balacalara xas hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlara qatılıblar, ətrafdakılarla sevinclərini bölüşüblər. Onlar idman oyunlarında, əyləncəli proqramlarda, yarışlarda böyük həvəslə iştirak ediblər.

Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyənləşdirən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə növbəti hədiyyəsini bəxş edib, mənalı və unudulmaz bir gün yaşadıb.

Tədbirdə balacalar üçün əsl bayram ab-havası yaradılıb. Uşaqlar müxtəlif rəqslər, mahnılar ifa etdilər, məharətlərini göstəriblər. Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bu şənlik uşaqları ürəkdən sevindirib.

Fondun himayəsi altında uşaqlarla bağlı həyata keçirilən aksiyalar məcburi köçkün ailələrindən olan, həmçinin diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına, buradakı uşaqlarla bağlı müxtəlif layihələrin həyata keçirilməsinə, yeni məktəb binalarının tikilməsinə yönəlib.

Uşaq evlərinin sakinlərinə və xüsusi qayğıya ehtiyacı olanlara hər zaman həssaslıqla yanaşan Heydər Əliyev Fondu bu dəfə də balacaları hədiyyələrlə sevindirdi.


Teqlər:





Xəbər lenti