Sosial yardım sistemi təkmilləşdirilir

Sosial yardım sistemi təkmilləşdirilir
  27 Avqust 2015    Oxunub:1923
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti nümayəndələri ilə görüş keçirilib.
AzVision.az xəbər verir ki, görüşün mövzusu "Ünvanlı dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasının prezidentinin 23 fevral 2015-ci il fərmanı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) fəaliyyətinin "Elektron Hökumət" portalı üzərindən təşkili ilə əlaqədar MKR informasiya sisteminin portala qoşulması, müvafiq servisin hazırlanması məsələlərinin müzakirəsi olub.

Müvafiq fərmana uyğun olaraq, vətəndaşlara ünvanlı dövlət sosial yardımın alınması üçün fərdi kommunikasiya vasitələrindən (kompyuterlərdən, mobil telefonlardan və s.) istifadə etməklə elektron formada müraciət etmək imkanını yaratmaq məqsədilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resursları əlavə edilməli;

Eləcə də, ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatların əldə olunması məqsədilə ƏƏSMN “Elektron hökumət” portalı vasitəsilə müvafiq dövlət qurumlarının informasiya resurslarına çıxışını təmin etməlidir.

Tam olaraq 20 dövlət qurumunun mülkiyyətində olan informasiya sistemlərindən müxtəlif servislərin hazırlanaraq portala təqdim edilməsi nəzərdə tutulub. Artıq bir sıra dövlət qurumları tərəfindən informasiya sistemlərinin və müvafiq servislərin portala inteqrasiyası başa çatdırılıb. Cari görüşdə RYTN MHM, ƏƏSMN və MB MKR arasında "Elektron hökumət” portalı vasitəsilə müvafiq informasiya resursuna çıxışın təmin edilməsi məsələsinin məqsədəuyğun təşkili üzrə müzakirələr aparılıb. Məsələnin hüquqi, texniki tərəfləri danışılıb.

Həmçinin, görüş zamanı ƏƏSMN nümayəndəsi tərəfindən vətəndaşlar tərəfindən ünvanlı dövlət sosial yardımının alınması üçün elektron formada müraciət (ərizə) göndərilməsi üçün proqram təminatının hazırlandığı və artıq test işlərinə başlanıldığı bildirilib.

VEMTAS istifadəyə verildikdən sonra istənilən vətəndaş ailəsinə ünvanlı dövlət sosial yardımı almaq üçün internet vasitəsilə elektron qaydada müraciət edə biləcək. Müraciət qəbul edildikdən sonra proqram təminatı tərəfindən təyin olunmuş qrafik əsasında müraciətin edildiyi ailənin maddi-məişət şəraitinin müayinəsini aparılacaq. Ailənin maddi-məişət şəraitinin müayinəsi təyin olunub müddət ərzində və müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçiriləcək. Müayinənin nəticələri real vaxt rejimində VEMTAS-a ötürüləcək.

Eyni zamanda, ünvanlı dövlət sosial yardımı üçün edilən müraciətə baxılması üçün müvafiq məlumatların “Elektron Hökumət” portalı üzərindən aidiyyatı dövlət qurumlarının informasiya resurslarından real vaxt rejimində əldə edilməsi təmin olunacaq. Əldə olunan bütün məlumatlar ümumiləşdirildikdən və təhlil edildikdən sonra VEMTAS tərəfindən müraciət edən şəxsin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə qərar qəbul ediləcək. Vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə məlumat onun elektron ünvanına, yaxud mesaj formasında mobil telefon nömrəsinə göndəriləcək. Ailəsinə ünvanlı dövlət sosial yardımı təyin olunduğu halda yardımın ödənilməsi məqsədilə həmin şəxsə bank hesabının açılması üçün sistem tərəfindən müvafiq banka sifarişin göndərilməsi avtomatik şəraitdə həyata keçiriləcək. Bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına və yaxud mesaj formasında mobil telefonuna göndəriləcək.


Teqlər:





Xəbər lenti