Manatla bağlı önəmli açıqlama

Manatla bağlı önəmli açıqlama
  27 Avqust 2015    Oxunub:3604
“Manatın cari məzənnəsi müəyyənləşdirilən zaman neftin dünya bazar qiyməti nəzərə alınmır. Neftin dünya bazar qiymətinin cari kursa hər hansı təsiri yoxdur. O baxımdan, neftin dünya bazar qiyməti yüksələn zaman manatın kursu düşə bilər və ya əksinə neft ucuzlaşan zaman məzənnə müqayisəli arta bilər. Mərkəzi Bank xüsusi məzənnə tətbiq etməyəcəyi təqdirdə bu davam edəcək. Neftin dünya bazar qiyməti isə birmənalı şəkildə cari deyil, strateji məzənnəyə təsir göstərir”.
AzVision.az xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov deyib.

Ekspert son günlər manatın ucuzlaşacağı ilə bağlı deyilənlərə aydınlıq gətirib: “Bundan əvvəl manatın məzənnəsi dollara birbaşa, digər valyutalara çarpaz müəyyənləşdirilirdi. Bu o demək idi ki, manatın dollara məzənnəsi, demək olar, dəyişmirdi və digər valyutaların ABŞ puluna kursu necə olurdusa, milli valyutamız da onlara elə uyğunlaşdırılırdı. Yəni, manatın dollara məzənnəsi dəyişmir, digərləri ilə isə dünya valyuta bazarındakı dəyişikliklərə uyğun tənzimlənirdi. Bu ilin fevral ayından isə 2 valyutalı səbətdən istifadə edilir və artıq avro dollar ilə yanaşı dayanır. Yəni, dünya valyuta bazarında məzənnə dəyişikliyi baş verirsə artıq manatın dollar kursu sabit qalmır, o da dəyişir.

Mərkəzi Bankın valyuta səbətində dolların payı yenə də çoxdur. Bu isə o deməkdir ki, dolların avroya məzənnə dəyişən zaman ABŞ pulu avropalıların puluna nisbətən buna daha az reaksiya verir. Məsələn, avro dollara nisbətən 3 faiz möhkəmlənir”.

İqtisadçı hesab edir ki, Mərkəzi Bank kurs dəyişikliyini nəzərə alan zaman avronun manata məzənnəsi milli valyutamızın dollar kursuna nisbətən daha çox dəyişir. Yəni, manat avroya nisbətən hiss edilən səviyyədə yumşalsa da dollara nisbətən cüzi möhkəmlənir:

“Və ya əksinə, dollar avroya nisbətən 3 faiz dəyişirsə, o zaman manat Avropa puluna nisbətən kəskin möhkəmlənir, amma dollara nisbətən həmin faizlə ucuzlaşmır. Amma dollar/manat/avro nisbəti dolların avronun dünya bazarındakı məzənnəsinə tam uyğun olur. Bu ona gətirib çıxarır ki, avronun manata kursu daha çox, dolların məzənnəsi müqayisəli xeyli az faizlə dəyişir. Mövcud valyuta səbətini qoruduğu müddətcə Mərkəzi Bank xüsusi məzənnə tətbiq etməyəcəyi halda neftin dünya bazar qiymətinə deyil, avro-dollar asıllığına əsasən kursu müəyyənləşdirəcək. Deməli, Mərkəzi Bankı xüsusi kurs müəyyənləşdirməzsə və Avropa pulu ABŞ valyutasını güncə sıxışdıra bildiyi halda manat dollara qarşı möhkəmlənəcək”.

AzVision.az


Teqlər:  





Xəbər lenti