`Məktəblərdə uşaqları öldürürlər` - Millət vəkili

`Məktəblərdə uşaqları öldürürlər` - Millət vəkili
  27 Avqust 2015    Oxunub:3176
“ABŞ-da insan ölümü adi halla çevrilib. Yəni, küçədə polis istədiyi adamı vura bilir. Hətta azyaşlı uşağın əlində oyuncaq tapança görüb, dərisinin rənginə görə adamları güllələyə bilir”.
Bu fikirləri AzVision.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.

Deputat hesab edir ki, ABŞ-da qanlı cinayətlərin artması hüquq və qanunların zəifliyindən irəli gəlir: “Hər yerdə bəyan olunur ki, ABŞ dünyada demokratiya, insan hüquqlarının carçısıdır. Həqiqətdə isə belə deyil. Son hadisə, iki jurnalistin canlı yayımda başqa biri tərəfindən güllələnməsi təəssüf doğurur. Amma, bu yeganə hal deyil. Hesab edirəm ki, bu gün ABŞ-da sərbəst yaşamaq, işləmək olduqca təhlükəlidir. Çünki, ABŞ-da insanların evdən-işə, işdən-evə salamat gedib-qayıtması ehtimalı olduqca azdır. Bu ölkədə terror aktları törədilərək insanlar qətlə yetirilir, kütləvi qətllər olur, məktəblərə gedib uşaqları öldürürlər”.

Ç.Qənizadənin sözlərinə görə, özünü qüdrətli hesab edən ölkə öz daxilində asayişi ciddi qorumalıdır.

“Güclü və qüdrətli olmaq təkcə müharibə üçün nüvə silahlarının istehsalı ilə ölçülmür. Güclü olmaq üçün ölkədə demokratik dəyərlər olmalı, insan haqlarına hörmət olunmalıdır. Hesab edirəm ki, bunlar ABŞ-da hələ təmin olunmayıb və ölkə vətəndaşlarının həyatı hər an təhlükə altındadır. Bunu isə ABŞ-ın ictimai asayişinin təhlükəsizliyinin zəif təmin olunmasında görürəm. ABŞ hökuməti öz vətəndaşlarını qorumaq üçün ictimai təhlükəsizliyi təmin edən qüvvələrdə yeni baxış formalaşdırmalıdır`.

Deputat ABŞ-da baş verən qanlı olaya beynəlxalq hüquq müdafiə təşkilatlarının səssiz qalmasına da münasibət bildirib: “Əgər belə bir hadisə Azərbaycanda baş versəydi, ABŞ Dövlət Departamenti, Ağ Evin sözçüsü artıq “jurnalistlərin həyatı təhlükədədir” bəyanatı ilə çıxış etmişdilər. Eyni zamanda onların maliyyələşdirdiyi beynəlxalq təşkilatlar buna bənzər bəyanatlar vermişdilər. Azərbaycanda qanunların pozulması nəticəsində jurnalistin, QHT-çinin həbsinin və ya məhkəminin hökmü verildikdən dərhal sonra bu təşkilatların baş katibləri səviyyəsində bəyanatlar verilir. Amma, ABŞ-da baş verən belə ağır faciəyə münasibət bildirilmir və ABŞ hökumətini öz vətəndaşlarının təhlükəsizliyini qorumağa çağırmırlar. Bu da belə beynəlxalq təşkilatların ABŞ və Avropanın bəzi dövlətlərindən asılılığının bariz nümunəsidir`.

Elvin Abdulqədirov

AzVision.az


Teqlər:  



Xəbər lenti