Mübariz Qurbanlı müşaviri qəbul etdi

Mübariz Qurbanlı müşaviri qəbul etdi
  27 Avqust 2015    Oxunub:1321
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Əl-Cəzirə Araşdırmalar Mərkəzinin Baş Tədqiqatçısı və İran məsələləri üzrə Əl-Cəzirə Televiziyasının Müşaviri Dr. Fatima Alsmadini qəbul edib.
AzVision.az xəbər verir ki, qonağı səmimi salamlayan Komitə sədri Azərbaycandakı dini durum və dövlət-din münasibətlərindən danışıb. Mübariz Qurbanlı bildirib ki, respublikamızda bu münasibətlər Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir. Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir, ölkəmizdə müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər.

Daha sonra Dövlət Komitəsinin sədri Dr.Fatima Alsmadinin Komitənin fəaliyyəti, Azərbaycanda mövcud olan dini durum, dini icmaların ölkəmizdəki fəaliyyəti, eləcə də İslam dünyasında baş verən proseslər barədə suallarını cavablandırıb.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Əl-Cəzirə Televiziyasının Müşaviri Dr.Fatima Alsmadi ölkəmizə gəlməzdən öncə müxtəlif mənbələrdən məlumat əldə etdiyini, lakin respublikamızda olduğu müddətdə əldə etdiyi məlumatların real vəziyyəti tam əks etdirmədiyini, bir sıra hallarda hətta qərəzli olduğunu deyib. Fatima Alsmadi Azərbaycanın tam sivil, demokratik, dünyəvi, multikultural, tolerant bir ölkə olduğunun şahidi olduğunu vurğulayıb.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda Əl-Cəzirə Televiziyasının Müşaviri Dr. Fatima Alsmadi səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Əl-Cəzirə Araşdırmalar Mərkəzinin Baş Tədqiqatçısı və İran məsələləri üzrə Əl-Cəzirə Televiziyasının Müşaviri Dr. Fatima Alsmadi Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə ölkəmizdə səfərdədir.


Teqlər:  





Xəbər lenti