Krediti olanlar sosial yardım ala bilər? - VİDEO

Krediti olanlar sosial yardım ala bilər? - VİDEO
  01 Sentyabr 2015    Oxunub:3509
Bir müddətdir ki, ünvanlı sosial yardım almaq üçün müraciət edənlərdən kredit tarixçəsilə bağlı arayış tələb olunur. Bu, isə vətəndaşlarda krediti olanlara yardım verilməyəcəyi haqqında söz-söhbətlərə səbəb olub. Amma əslində məsələ tamamilə fərqlidir. Krediti olanlara da ünvanlı sosial yardım verilirmiş. Amma müəyyən şərtlər var.

ANS TV-nin məlumatına görə, Nazirlər Kabinetinin qərarına görə, ünvanlı sosial yardım almaq istəyən vətəndaşların kreditinin olub-olmaması nəzərə alınır. Amma məsələ bir qədər başqa cürdür.

Ünvanlı sosial yardım krediti olan vətəndaşa da verilə bilər. Sadəcə bir şərtlə ki, onun aylıq ödədiyi kreditin məbləği aylıq gəlirinin yarısından çox olmasın. Məsələn, 5 nəfərlik bir ailə aylıq 300 manat gəlirə malikdirsə, bu o deməkdir ki, onların adambaşına gəliri minimum yaşayış həddindən aşağıdır və onlar yardım ala bilər.

Amma ailənin 150 manatdan artıq kredit ödənişi varsa, ona yardım verilmir. Kredit ödənişi 150 manatdan, yəni aylıq gəlirin yarısından azdırsa, yardım təyin olunur. Bu məhdudiyyətin səbəbi isə o göstərilir ki, dövlətin məqsədi aztəminatlı ailənin risq qrupundan, çətin vəziyyətdən çıxmasıdır. Əgər həmin ailə aldığı yardımı müvəqqəti bir problemin həllinə yönəldəcəksə, onun durumu dəyişməyəcək.

“Krediti olan şəxs aldığı ünvanlı sosial yardım kreditə yönlədəcək. Bu isə yol verlməzdir. Bütün hallarda onlar kredit alan zaman müvafiq qarantiyalar, zəmantlər veriblər. Həmin zəmaətlər uyğun kreditləri bağlasınlar. Ondan sonra ünvanlı sosial yardım üçün müraciət etsinlər”, – deyə ƏƏSM-naziri Səlim Müslümov bildirib.

Vətəndaşın kredit borcu olub-olmadığı, aylıq ödənişinin həcmi isə mərkəzləşdirilmiş kredit reyestrindən alınan çıxarış əsasında müəyyən olunur.

Bu çıxarış ünvanlı sosial yardım üçün tələb olunan sənədlərə əlavə olunmalıdır.




Teqlər:





Xəbər lenti