40 dəqiqəlik yol hazırdır - 15 gün qaldı

40 dəqiqəlik yol hazırdır - 15 gün qaldı
  01 Sentyabr 2015    Oxunub:3646
Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri başa çatıb.
AzVision.az xəbər verir ki, Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt sərnişin stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun qoyuluşu bu gün başa çatıb və hazırda son tamamlama işləri görülür. Bununla da Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmiri başa çatıb.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov AzVision.az-a bildirib ki, sabah qatarlar sınaq üçün xəttə buraxılacaq.

Qurum rəsmisi bildirib ki, qatarlarda gediş haqqı ilə bağlı Tarif Şurasına edilən müraciətə sentyabr ayının 10-a qədər cavab veriləcək.

“Bakı-Sumqayıt qatarlarında gediş haqları müəyyənləşdirilir. Bir sərnişinin Bakıdan-Sumqayıta gediş-gəlişi öyrənilir. Məlum olur ki, bu, hardasa, 1 manatdır. Dəmir yolu ən ucuz nəqliyyat vasitəsidir. Biz gediş haqqı ilə bağlı təkliflərimizi hazırlayıb, Tarif Şurasına göndərmişik. Qiymətləri Tarif Şurası müəyyənləşdircək. Yəqin ki, gediş haqqı 1 manatdan çox olmayacaq”.

Qeyd edək ki, sentyabrın 15-də Bakı-Sumqayıt istiqamətində ümumi sayı 8 olmaqla “Stadler Rail Group” şirkətinin 3 KİSS markalı qatarı və Riqadan gətirilən əsaslı təmirdən çıxan 5 qatar istismara veriləcək. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Əsaslı təmir işləri tam başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq. Həmçinin Sumqayıt sərnişin stansiyasının köhnə inzibati binasının yerində müasir standartlara uyğun ikimərtəbəli stansiya inşa olunacaq.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti