"Qarabağ" klubu 2 yeni oyunçunu transfer edib

"Qarabağ" klubu 2 yeni oyunçunu transfer edib
  02 Sentyabr 2015    Oxunub:2081
Ötən mövsüm "qızıl dubl" edərək ardıcıl 2-ci il Avropa Liqasının qrup mərhələsində iştirak edəcək "Qarabağ" klubu transfer pəncərəsinin son günündə 2 keçidi rəsmiləşdirib.
AzVision.az klubun saytına istinadən xəbər verir ki, "Qarabağ"ın ilk transferi Samuel Kristian Nunes Yansson Armenterosdur. 25 yaşlı futbolçu son klubu Hollandiya təmsilçisi "Villem II" olsa da, "Anderlext"ə məxsusdur. İsveçin aşağı yaş qruplarında forma geyinən hücumçu ötən mövsüm komandasında 29 oyunda 11 qol vurub. Daha öncə "Feyenord"un da formasına geyinən forvardla 2 illik müqavilə bağlanıb.

"Qarabağ"ın digər transferi isə Migel Markos Maderadır. İspaniyalı yarımmüdafiəçinin sonuncu klubu "Makkabi" (Hayfa) olub. Karyerasına "Sportinq"də (İspaniya) başlayan 29 yaşlı futbolçu "Birmingem"in ardından AEK-ə keçib. Karyerasının ən yaxşı dönəmini isə ölkəsində "Xetafe"də keçirib. 3 il La liqada oynayan "Michel" ləqəbli futbolçu sonuncu mövsümü İsraildə keçirib.

Hər 2 futbolçu ilə 2 illik müqavilə bağlanıb. Adıçəkilən futbolçuların adları Avropa Liqasına göndərilmiş siyahıya salınıb.

Qeyd edək ki, 3 cəbhədə mübarizə aparan "Qarabağ" daha bir transferi reallaşdırmaq ərəfəsindədir. Komanda Makedoniya millisinin üzvü Vladimir Dimitrovskini də sıralarına qatmaq üçün cəhd göstərib. Klub və futbolçu arasında razılıq əldə olunsa da, tərəflrədən asılı olmayan səbəblərdən transfer gecikir. Lakin V.Dimitrovski ilə müqavilə bağlanacağı istisna deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti