Putin dolları niyə qadağan edir? - Şərh

Putin dolları niyə qadağan edir? - Şərh
  03 Sentyabr 2015    Oxunub:3395
Rusiya prezidenti Vladimir Putin MDB ölkələri çərçivəsində ticarətin ABŞ dolları ilə aparılmasından imtina edilməsi haqqında Dövlət Dumasına qanun layihəsi təqdim edib.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, layihəyə əsasən “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin inteqrasiya olunmuş valyuta bazarının təşkili sahəsində əməkdaşlıq haqqında” saziş çərçivəsində hesablaşmalarda valyuta kimi dollar və avrodan imtina edilməsinə imkan verən mexanizm yaradılacaq.

Söhbət əsasən Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələr arasında vahid maliyyə bazarının yaradılmasından gedir. Avrasiya İqtisadi İttifaqı çərçivəsində ölkələr artıq milli valyutalara keçilməsini müzakirə ediblər. Buna əsasən 2025-2030-cu illərdə Rusiya, Belarus, Qazaxıstan və Ermənistan milli valyutalarla ticarət aparacaq. Hazırda isə ittifaq ölkələri arasında ticarətin təxminən yarısı dollar və avro ilə aparılır.

Ekspertlər hesab edirlər ki, Putinin dollara qadağa qoymasının pərdəarxasında gərginləşən Qərb-Rusiya münasibətləri dayanır.
Putin dolları niyə qadağan edir və nəticəsi necə olacaq?

Bu suala tanınmış iqtisadçı Samir Əliyev cavab tapmağa çalışıb.



Ekspert AzVision.az-a açıqlamasında bildirib ki, bundan öncə də MDB dövlətlərinin vahid valyutasının olması məsələsi gündəmdə olub.

Ekspertin sözlərinə görə, indi yeni ideya ortaya çıxıb ki, avro, dollarla hesablaşmalardan imtina olunsun: “Təklif edilir ki, MDB ölkələrinin daxilində milli valyutalar vasitəsilə hesablaşmalar aparılsın. Əslində Rusiya və Çin arasında bu tipli təşəbbüslər var. Bu daha çox Rusiyanın təşəbbüsüdür. Rusiya digər ölkələrdə bu tipli addımlar atmağa çalışır. Əsas məqsəd dolların dünya bazarında kəskin azaldılmasına yönəldilmiş bir addımdır. Təbii ki, bu gün hər bir dövlət istədiyi qərarı qəbul edə bilər. Ancaq bunun nə dərəcədə səmərəli və effektiv olacağı bilinmir. Açığı mən bu təşəbbüsün prespektivinə inanmıram. Ola bilər MDB ölkələri arasında ticarət dövriyyəsinin hansısa bir hissəsi milli valyutalar vasitəsilə həyata keçirilsin, amma ümumi götürdükdə bunun prespektivinə inanmıram.

Dünyada ticarət əməliyyatlarının təxminən 80 faizdən çoxu dolların payına düşür. Dünya əmtəə birjasında böyük əksəriyyət məhsulların qiyməti dollarla müəyyən olunur.

Düşünürəm ki, MDB ölkələrinin daxili hesablaşmaları milli valyutada olsa belə, yenə də dollara bağlı olacaq. Belə ki, dollar əsasında qiymətlər müəyyən ediləcək. O baxımdan bunun prespektivinə inanmıram”.

İqtisadçı bildirib ki, MDB ölkələri heç də uğurlu iqtisadiyyata malik ölkələr deyil və iqtisadiyyatlarının aparıcı hissələri neftdən asılıdır: “Neftin qiyməti aşağı olduğu üçün və Rusiyaya qarşı sanksiyalar bu məsələdə öz sözünü deyir. Digər ölkələrin iqtisadiyyatının necə olması bizə məlumdur. Göründüyü kimi bu ölkələrin nə valyutası, nə də iqtisadiyyatı hazırda inkişaf etmiş ölkələrin iqtisadiyyatına yaxın deyil. Bu addımın prespektivini görmürəm. Belə hesab edirəm ki, orada əsas hesablaşmalar dollar və avro olaraq qalacaq”.

Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti