Yeni rektor kimdir? - DOSYE

Yeni rektor kimdir?  - DOSYE
  03 Sentyabr 2015    Oxunub:7696
Mustafa Babanlı AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Neft Akademiyasının adı dəyişdirildi və təhsil ocağı Neft və Sənaye Universiteti adlandırıldı. AzVision.az xəbər verir ki, ölkə başçısının digər sərəncamı ilə Mustafa Baba oğlu Babanlı universitetin rektoru təyin edildi.

Yeni rektor kimdir ?

M.Babanlı 1968-ci il fevral ayının 21-də müəllimlər ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, elə həmin il də Kiyev Texniki Universitetinin (əvvəlki Kiyev Politexnik İnstitutu) mühəndis-fizikası fakültəsinin Metallar Fizikası ixtisasına daxil olub. Mustafa Babanlı 1989–cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin “Metallar Fizikası” ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının “Kristal” təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis texnoloq kimi əmək fəaliyyətinə başlayıb.

M. Babanlı 1990-1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil almış, 1993-cü ildə vaxtından əvvəl, “Bərk cisimlərin fizikası” ixtisası üzrə, “İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, Fizika-Riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb.

M.B.Babanlı 1996-cı ildən Azərbaycan Texniki Universitetinin “Metallurgiya və metalşünaslıq” kafedrasında işləyib. Əvvəlcə assistent, 2001-ci idən 2010-cu ilədək dosent vəzifəsində çalışıb.

4 noyabr 2010-cu il tarixində Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib. 29 dekabr 2010-cu il tarixdə müsabiqə yolu ilə “Metallurgiya və metalşünaslıq” kafedrasının professoru vəzifəsinə seçilib.

O, 27 fevral 2008-ci ildə Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən D-02.171 Dissertasiya Şurasında texniki elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edərək 23 yanvar 2009–cu ildə “Materialşünaslıq” ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. Mustafa Babanlı Azərbaycan Texniki Universitetinin nəzdində D-02.171 Dissertasiya Şurasının, həmçinin Təhsil Nazirliyi yanında Metodiki Əlaqələndirmə Şurasının üzvüdür.

M. Babanlının çap olunmuş 138 elmi və elmi-metodik işi vardır. Müdafiədən sonra M. Babanlının 56 elmi və elmi-metodik işi, o cümlədən 2 patent, 20 beynəlxalq və respublika elmi-texniki konfrans materialları, 1 dərslik, 2 dərs vəsaiti, 1 monoqrafiya və 3 fənn proqramı nəşr olunmuşdur.

1994-cü ildən etibarən Ukrayna Milli Elmlər Akademiyası Metallar Fizikası İnstitutu (Kiyev, Ukrayna), Fransa Ali Kimya Məktəbi (Paris, Fransa), Fransa Elmi Araşdırmalar Mərkəzi (Vitri, Fransa), Balear adaları Universiteti (Palma de Malyorka, İspaniya), Frayberq Texniki Universiteti (Frayberq, Almaniya) ilə sıx elmi əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində “STCU-453” (1997-1999), “DNİPRO” (1999-2002), “ECONET” (2002-2005), “STCU-3520” (2006-2009), “CNRS-ANAS” (2009-2010), “CNRS-ANAS” (2010-2011) “STCU-5078” (2010-2011) və “STCU-5595” (2012-2013) kimi beynəlxalq elmi layihələrə rəhbərlik edib.

Ailəlidir, 2 qızı, 1 oğlu var. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir.


Teqlər:  





Xəbər lenti